Aqrar Sığorta Fondunun keçirdiyi təlimləri müvəffəqiyyətlə başa vuran və aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanına qeydiyyat başlanıb. Dövlət İmtahan Mərkəzindən SİA-ya bildirilib ki, qeydiyyat prosesi 15 sentyabr saat 18:00-dək davam edəcək. İmtahan sentyabrın 29-da Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) keçiriləcək.
İmtahan vermək istəyənlərin internet saytında (http://ekabinet.dim.gov.az) “Şəxsi kabinet”i olmalıdır. Onlar həmin kabinetin pul hesabına imtahanda iştirak üçün tələb olunan vəsaiti əlavə etməli, “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanına onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər.
İmtahan Aqrar Sığorta Fondu tərəfindən təşkil olunmuş təlim proqramına dair açıq və qapalı tipli test tapşırıqlarını əhatə edir. Toplanılması mümkün olan ümumi (maksimal) bal 60-dır. Otuz altı və daha yüksək bal toplamış namizədlər imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilirlər və onlara aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatının müvafiq növü verilir.
Bütün xəbərlər Facebook səhifəmizdə