"Birinci sinfə gedənlərin sayı azalır, əsas səbəb doğumların və abortların çoxalmasıdır" -ŞƏRH EDİLDİ

"Birinci sinfə gedən uşaqların son 5 ilin statistikasına baxdığımız zaman 2019–2020-ci tədris ilində bu rəqəm təxminən 160 min nəfərə yaxın olub. Keçən il, yəni 2024–2025-ci tədris ilində isə bu, 132 min civarında idi. Bu da onu göstərir ki, təxminən 20 min nəfərə yaxın bir azalma baş verib". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elçin Süleymanov deyib.

Onun sözlərinə görə, bu il üçün də rəqəmlər əvvəlki ildən bir qədər az olacaq, hələlik yekun statistika olmasa da, ilkin qeydiyyatdan keçən təxminən 110 minə yaxın şagird var. Yəni, yekun rəqəm yəqin ki, 125–126 min civarında olacaq: "Təbii ki, bu 20 minə yaxın azalma, əsasən, Azərbaycanda doğumların sayındakı azalma ilə bağlıdır. Burada iki əsas faktor var: birincisi, doğum sayında müşahidə edilən azalma, ikincisi isə abortların sayının artmasıdır. Məsələn, təkcə 2024-cü ildə 75 minə yaxın abort qeydə alınıb. Bu da ciddi narahatlıq doğuran statistikadır və üzərində düşünülməsi, müzakirə edilməsi zəruridir. Bu azalma, xüsusilə Bakı və Abşeron zonasında ciddi problem yaratmayacaq, çünki bu bölgələrdə məktəblər onsuz da yüklənmiş vəziyyətdədir, şagird sayı çoxdur. Amma regionlarda, kənd məktəblərində bu tendensiya müəyyən çətinliklər yarada bilər. Bu səbəbdən də bəzi yerlərdə məktəblərin birləşdirilməsi, optimallaşdırılması və digər tədbirlər nəzərdə tutula bilər.

Qeyd etdiyim kimi, bu azalma tendensiyası demək olar ki, davam edir — 150 mindən 130 minə, hətta daha aşağıya düşməkdədir. Bunun əsas səbəbləri miqyasın kiçilməsi, doğumların azalması və abortların çoxalmasıdır. Lakin bu azalma hələ ki təhsilin ümumi səviyyəsinə və infrastrukturun dayanıqlılığına təsir göstərmir. Sadəcə olaraq, doğulan uşaqların və dolayısıyla birinci sinfə gedənlərin sayı azalır. Burada söhbət təhsildən kənarda qalmaqdan deyil, mövcud saydan gedir. Bu isə təhsilin gələcəyi baxımından diqqət mərkəzində saxlanmalı bir məsələdir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə