Naxçıvan Dövlət Universitetinin (NDU) strateji inkişaf planına uyğun olaraq tədris və tədqiqat fəaliyyətində əcnəbi professorların cəlbi prosesi yeni tədris ilində də davam edir. SİA-nın məlumatına görə, NDU-nun beynəlmilləşmə siyasətinin tələbləri və imzalanan anlaşma memorandumlarının müvafiq bəndlərinin icrası məqsədilə 7 fakültə üzrə 31 xarici professor 2025-2026-cı tədris ilində ali təhsil ocağında mühazirələr oxuyacaq, tədqiqat aparacaqlar.
Bu göstərici NDU tarixində əcnəbi akademiklərin tədrisə cəlbində say olaraq ən yüksək göstəricidir. Nüfuzlu universitetlərdən olan alimlər iqtisadiyyat, hüquq, mühəndislik, tibb və digər sahələr üzrə dərslər deyəcəklər. Əcnəbi professorların təkcə tədris sahəsində deyil, həm də beynəlxalq qrant layihələrinin hazırlanması və birgə elmi araşdırmaların aparılmasında da fəal iştirakı planlaşdırılır. Bu uğurlu təşəbbüs qlobal bilik və təcrübə mübadiləsi imkanları yaradacaq.
Bildirək ki, tədris və tədqiqatın keyfiyyətinin təkmilləşdirilməsi məqsədilə Naxçıvan Dövlət Universitetində əcnəbi professorların tədrisə və elmi fəaliyyətlərə cəlbi davamlı olaraq diqqət mərkəzində saxlanılır. 2025-ci ilin aprel ayında Azərbaycan ali təhsil məkanında ilk dəfə olaraq məhz NDU-da genişmiqyaslı “Beynəlxalq Təlim Aylığı” proqramı həyata keçirilib.
Proqram çərçivəsində 6 fərqli ölkədən 21 təlimçi universitetdə müxtəlif sahələri əhatə edən təlimlər aparıb. Bu təlimlər 3 dildə – Azərbaycan, türk və ingilis dillərində olmaqla ABŞ, Yaponiya, İngiltərə, Türkiyə, Hollandiya və Özbəkistandan olan tanınmış ekspertlərin iştirakı ilə baş tutub.
Xüsusilə qeyd etmək lazımdır ki, 2024-cü ildə də 10 əcnəbi professor təlim və tədqiqat proseslərinə cəlb olunub. Həmin il Nobel mükafatçısı, dünyaca məşhur alim Əziz Səncər də Naxçıvan Dövlət Universitetinin qonağı olub.
Ümumilikdə isə əcnəbi mütəxəssislərin NDU-ya cəlbi universitetin beynəlxalq elmə inteqrasiyasını gücləndirməklə yanaşı, təhsil və tədqiqat mühitinin daha da zənginləşməsinə xidmət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə