“Repetitor təhsili məktəb təhsilini tam əvəz etmir" - MÜNASİBƏT BİLDİRİLDİ

“Repetitor təhsili məktəb təhsilini tam əvəz etmir. Amma bəzi hallarda onu gücləndirir. Məktəb təhsili dövlət tərəfindən təsdiqlənmiş tədris proqramı əsasında aparılır. Repetitor isə daha çox imtahana hazırlıq məqsədi daşıyır. Burada dərinləşdirilmiş və intensiv tədris (xüsusən riyaziyyat, kimya, fizika kimi fənlərdə) verilir”. Bunu SİA-ya açıqlamasında təhsil məsələləri üzrə ekspert Rizvan Fikrətoğlu deyib.

O bildirib ki, məktəb təhsilində əsas proqram, attestat və sosial bacarıqlar mövcuddur: “Ümumiyyətlə, məktəb təhsilində sistemli bilik verilir, şagird etik davranış, sosial münasibətlər, vətənpərvərlik kimi anlayışları da öyrənir. Amma repetitor təhsili əsasən imtahana yönəlib və sistemlilik orada məhduddur. Yalnız seçilmiş fənlər tədris olunur. Hansı qrupu seçirsə, o istiqamətdə də hazırlaşır. Sosial bacarıqlar isə demək olar ki, zəif inkişaf edir".

Ekspertin fikrincə, repetitor hazırlığı məktəbdə alınan təhsili dəstəkləyir və gücləndirir: “Ən yaxşı təhsil məktəb təhsilidir. Ehtiyac yaranarsa, repetitor dəstəyi ola bilər. Bu kombinasiyada şagird həm proqramı mənimsəyir, həm də imtahanlara səmərəli hazırlaşır. Bu gün "hansı üstündür?" sualına cavab məqsəddən asılı olaraq dəyişir".

Rizvan Fikrətoğlu əlavə edib ki, məktəb təhsili gələcək mərhələlər üçün hüquqi əsas yaradır: “Burada konkret sistemlilik var. Şagird təkcə akademik bilik deyil, həm də kollektivdə işləmək bacarığı, sosial davranış normalarını öyrənir. Lakin imtahana hazırlaşmaq baxımından repetitor təhsili daha effektiv ola bilər. Bu zaman müəllim şagirdin zəif tərəflərinə fokuslanır. Fərdi və ya kiçik qrupla dərs keçdiyinə görə təkrar və izahat daha dərin olur. Bəzən məktəbdən daha real nəticə əldə edilir".

Müəllif: Fatimə Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə