Avqustun 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) abituriyentlər və valideynlər üçün “Açıq qapı günü” təşkil olunub.
SİA xəbər verir ki, Universitetdən verilən məlumata görə, tədbirdə universitetin rektoru, dosent Rüfət Əzizov, fakültə dekanları, struktur bölmə rəhbərləri, gələcək tələbələr və onların valideynləri iştirak ediblər.
Tədbirin açılışında çıxış edən rektor Rüfət Əzizov tələbə adını qazanan abituriyentləri və onların valideynlərini təbrik edib. O, ADNSU-da formalaşdırılmış müasir tədris infrastrukturu, beynəlxalq əməkdaşlıq proqramları və universitetin elmi nailiyyətləri barədə məlumat verib. Rektor vurğulayıb ki, bu günə qədər ADNSU 150 mindən çox məzun yetişdirib və onlar yalnız Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində, sənayenin müxtəlif sahələrinin inkişafında, xüsusilə neft sənayesində mühüm rol oynayıblar. “Bu gün də universitetimizin hazırladığı ixtisaslı kadrlara ciddi ehtiyac var. Əsas məqsədimiz dövlətimiz və xalqımız üçün peşəkar mütəxəssislər yetişdirmək, gənclərə yüksəkkeyfiyyətli təhsil təqdim etməkdir”, – deyə o əlavə edib.
Rüfət Əzizov, həmçinin ADNSU-da həyata keçirilən ikili diplom proqramları, beynəlxalq elmi jurnallarda dərc olunan məqalələr, universitetin beynəlxalq reytinqlərdə əldə etdiyi uğurlar və tədris prosesində tətbiq olunan innovativ metodlar haqqında da ətraflı məlumat verib.
Tədbir zamanı universitet haqqında videomaterial nümayiş olunub.
Daha sonra ADNSU rektorunun sosial məsələlər üzrə müşaviri Nəsibə Əmirbəyova çıxış edərək fakültələr və tədris olunan ixtisaslar barədə ətraflı məlumat verib. O qeyd edib ki, universitetdə tələbələrin keyfiyyətli təhsil alması üçün bütün zəruri şərait yaradılıb. Eyni zamanda, tələbələrin İT və xarici dil biliklərinin inkişafı, asudə vaxtlarının səmərəli təşkili və sosial fəaliyyətlərə cəlb olunması ADNSU-nun əsas prioritetlərindəndir.
400-dən çox abituriyentin iştirak etdiyi tədbir sual-cavab formatında davam edib. Rektor iştirakçıların dərs prosesi, tədris proqramları, yeni layihələr və universitetin gələcək planları ilə bağlı suallarını cavablandırıb.
“Açıq qapı” günü çərçivəsində abituriyentlər ADNSU-nun Tarix Muzeyi, Mineralogiya Muzeyi, Azərbaycan-Türkiyə Dostluq Mərkəzi, kitabxanası, müasir laboratoriyaları və kompüter otaqları ilə tanış olublar. Onlar universitetin infrastrukturunu yaxından görmək və gələcəkdə təhsil alacaqları mühiti əyani şəkildə qiymətləndirmək imkanı qazanıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə