"Əcnəbi sözlər dilimizi həm zənginləşdirir, həm də korlayır” - MÜNASİBƏT BİLDİRDİ
“Məlum olduğu kimi, dilimizin saflığının qorunması, ədəbi dilin normalarının gözlənilməsi məsələsi son dövrdə xüsusi aktuallıq kəsb edir və diqqət mərkəzindədir. Hər bir dilin lüğət tərkibinin inkişafında və zənginləşməsində həmin dilin daxili imkanları ilə bərabər alınma sözlər də çox önəmli rol oynayır. Başqa dillərdən söz almaq müasir dillərin zənginləşməsi üçün zəruri proses hesab edilir. Narahatlıq doğuran digər məsələlərdən biri də Azərbaycan dilinə əcnəbi söz və ifadələrin yersiz daxil edilməsidir”. Bu sözləri Dilçilik İnstitutunun aparıcı elmi işçisi, dosent Təranə Şükürlü SİA-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan dilinin lüğət tərkibi minillər ərzində formalaşıb və bugünkü günümüzə gəlib çatıb: “Alınma sözlər artıq bizim dilimizə uyğunlaşıb və doğmalaşıb. Ona görə də, dil ilə bağlı təkliflər verən zaman ehtiyatlı olmaq lazımdır. Çünki bəzi alınma sözlər var ki, artıq "vətəndaşlıq hüququ" qazanıblar”. Bu gün dilimizdə əcnəbi sözlərdən yersiz olaraq istifadə edilməsi əsas problemlərdəndir.
Belə sözlər olur, amma çox vaxt insanlar tərəfindən qəbul olunmur. Bu hal ən çox publisistik üsluba xasdır. Belə sözlər daha çox mətbuatda çıxır, insanlar oxuyur, diqqətini çəkəndə yadda saxlayıb işlədirlər. Beləliklə, geniş yayılır. Qəbul olunmadıqda isə işlək olmur”.
Təranə Şükürlü bildirib ki, dil daim inkişafdadır və hazırda da dilə daxil olan, eləcə də yeni yaranan terminlər Terminologiya Komissiyası tərəfindən qeydə alınır, onların izahı verilir və bu da gələcəkdə olan terminoloji lüğət üçün bazadır: “Hazırda orta məktəb dərsliklərində dildə sabitləşmiş terminlər öz əksini tapır. Çünki dərsliyin dili sadə, aydın olduğu kimi, hər bir termin də şagird üçün aydın olmalıdır. Ona görə də dərsliklərin hazırlanmasında, terminlərin işlənməsində heç bir problem yoxdur.
Hazırda terminlər ingilis dilindən daxil olduğuna görə xarakterik xüsusiyyətləri Azərbaycan dilində nəzərə alınır və ingilis dilindən alınan terminlərin transliterasiya forması müəyyənləşir.
Terminlər alınan zaman birinci növbədə alınmaların işlənməsinə baxılır. Məsələn, “kompüter” ingilis dilində necə yazılır. Hər dilin özünün səs sistemi var. Azərbaycan dilinin öz hərfləri və ona uyğun olaraq transliterasiya olunur. Transliterasiya zamanı Azərbaycan dilinin bütün qanunauyğunluqları götürülür. Məsələn, elə alınma sözlər var ki, onlar 5-6 il müddətində dildə oturuşur. Əcnəbi sözlər dilimizi həm zənginləşdirir, həm də korlayır”.
Bütün xəbərlər Facebook səhifəmizdə