“Məktəblərdə fənlərin sayının azaldılması şagirdlərin bilik keyfiyyətinə təsir göstərir” -MÜNASİBƏT BİLDİRİLDİ
"Məktəblərdə fənlərin sayının azaldılması son illər təhsil sistemində ən çox müzakirə olunan məsələlərdən biridir. Bu məsələnin həm müsbət, həm də mənfi tərəfləri olduğunu qeyd etmək lazımdır". Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert İlqar Orucov deyib.
Onun sözlərinə görə, fənlərin çoxluğu şagirdin gündəlik yüklənməsini artırır, diqqətini parçalayır və biliklərin dərin qavranılmasına mane olur: "Şagird hər gün bir-birindən tamamilə fərqli mövzulara fokuslanmalı olur ki, bu da öyrənmənin sistemliyini zəiflədir. Fənlərin sayının azaldılması isə şagirdin diqqətini əsas kompetensiyalara yönəltməyə, mövzuları daha dərindən mənimsəməyə və hər bir fənn üzrə real bilik, bacarıq formalaşdırmağa imkan yarada bilər. Bu halda təhsil prosesi daha səmərəli, yüklənmə isə daha balanslı olur.
Digər tərəfdən, fənlərin sayının azaldılması düzgün planlaşdırılmadığı halda bilik boşluqlarına səbəb ola bilər. Çünki bəzi fənlər məktəb yaşında formalaşan dünyagörüşün və ümumi savadın əsas elementləridir. Onların sıxışdırılması nəticəsində şagirdlərin ümumi intelektual inkişafında çatışmazlıqlar yarana bilər. Burada əsas məsələ fənlərin sayını sadəcə azaltmaq yox, onların strukturunu optimallaşdırmaq, təkrar olunan mövzuları birləşdirmək, lazımsız tədris yükünü çıxarmaq və daha funksional kurikulum yaratmaqdır. Fənlərin sayının azaldılması avtomatik şəkildə bilik keyfiyyətinin yüksəlməsi və ya zəifləməsi demək deyil. Effekt, bu prosesin necə həyata keçirilməsindən asılıdır. Əgər yanaşma elmi əsaslara, müasir təhsil tələblərinə və şagirdin inkişaf dinamikasına uyğun aparılarsa, bu addım təhsilin keyfiyyətini artıra bilər. Əks halda isə bilik itkilərinə gətirib çıxarmaq ehtimalı var. Buna görə də hər bir qərar sistemli təhlil, pilot tətbiq və real nəticələrin qiymətləndirilməsi əsasında verilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB