Aktau şəhərində Ulu Öndər Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar elmi-praktik konfrans keçirilib

Qazaxstanın Aktau şəhərində, Ş.Yessenov adına Xəzər Texnologiya və Mühəndislik Universitetində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar “Heydər Əliyev və Qazaxıstan: Liderlik, irs və müasir əhəmiyyət” adlı elmi-praktik konfrans keçirilib.

SİA xəbər verir ki, tədbir Azərbaycanın Aktaudakı baş konsulluğunun və “Azərbaycan Mərkəzi”nin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə universitetin rəhbərliyi, müəllimlər və tələbələr, diplomatlar və diaspor nümayəndələri iştirak ediblər. Konfrans iştirakçıları əvvəlcə Ulu Öndərin həyat və fəaliyyətinə dair kitablarla tanış olublar.

Konfransı “Azərbaycan Mərkəzi” İctimai Fondunun rəhbəri İlkin Orucov açıb.

Universitetin prezidenti-rektoru Berik Axmetov Qazaxıstanla Azərbaycan arasında ikitərəfli münasibətlərdən söz açıb, Heydər Əliyevin qardaşlıq əlaqələrinin inkişafına verdiyi mühüm töhfələri qeyd edib. O bildirib ki, ölkələr arasında mövcud olan qarşılıqlı etimad və dostluq münasibətləri elm və təhsil sahəsində geniş əməkdaşlıq üçün əlverişli şərait yaradır.

Baş konsul Ayxan Süleymanlı çıxışında Heydər Əliyevin dövlətçilik məktəbindən, onun müdrik siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizdə aparılan islahatlardan və əldə olunan nailiyyətlərdən bəhs edib.

Daha sonra “Dostluq” Etnomədəni Birliyinin sədri Şəmsəddin Hüseynovun, diaspor üzvü Yusif Quliyevin çıxışları dinlənilib. Həmçinin tədbirə Azərbaycandan onlayn qoşulan AMEA və Beynəlxalq Astronavtika Akademiyasının müxbir üzvü professor Vəli Hüseynov, Bakı Dövlət Universitetinin professoru Eldar Cəfərov və həmin universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rauf Həsənov, eləcə də Azərbaycan Universitetinin kafedra müdiri Elvin Talışinski çıxış ediblər.

Çıxışlarda Ulu Öndər Heydər Əliyevin Azərbaycan və Türk dünyasının çoxəsrlik dövlətçilik tarixində xüsusi yer tutduğu, müasir Azərbaycan dövlətinin memarı olduğu, ölkəmizin əldə etdiyi uğurların məhz onun siyasi irsi ilə bağlı olduğu vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə