"Bəzi məktəblər birləşdirilə bilər" - MÜNASİBƏT BİLDİRİLDİ

"Resursların səmərəli istifadəsini təmin etmək üçün bəzi məktəblər birləşdirilə bilər". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elnur Aydın deyib.

O bildirib ki, başqa məktəblərlə inteqrasiya oluna və ya şagird sayının az olduğu yerlərdə dərs saatları, müəllim resursları və digər fəaliyyətlər optimallaşdırıla bilər: "Rasionallaşdırma təhsil sistemində resursların daha səmərəli və effektiv istifadəsini təmin etmək üçün həyata keçirilən tədbirlərdir.

Şagird sayı az olan məktəblərdə təhsil keyfiyyəti çox vaxt aşağı olur. Bu cür məktəbdə müxtəlif ixtisaslı müəllimləri təmin etmək çətinləşir.mŞagird sayı çox az olan məktəblərdə müəllim, maddi-texniki baza və digər resursların istifadəsi qeyri-effektiv olur.

Rasionallaşdırma həm də təhsil sisteminin daha effektiv və resurslardan daha yaxşı istifadə edilən şəkildə işləməsini təmin etmək üçün atılan əhəmiyyətli bir addımdır. Rasionallaşdırma ilə bu resurslar daha böyük və effektiv məktəblərə yönəldilir. Şagirdlər daha böyük məktəblərə köçürülərək daha yaxşı təhsil ala bilərlər. Rasionallaşdırılmış məktəblər daha yaxşı infrastruktura və texnoloji imkanlara malik olur. Bu da şagirdlər üçün müasir təhsil mühitini təmin edir.

Sosial-iqtisadi həyatın müasirləşdirilməsində təhsilin rolu təkcə təhsilalanın qazandığı bilik və bacarıqların iqtisadi amilə çevrilməsi ilə məhdudlaşmır. Təhsil prosesində əldə olunan bilik və bacarıqlar, həmçinin etik-əxlaqi norma və dəyərlər hər bir təhsilalanın cəmiyyətin layiqli üzvü olması üçün lazımi şərait yaradır, onu biliyi və etik davranışı sayəsində örnək ola biləcək həmkara, nümunəvi ailə üzvünə və vətəndaşa çevirir.

Təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsili idarəetmə sisteminin yenidən qurulması, bu sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin nüfuzunun artırılması zəruridir".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə