“Bizim ən vacib hədəfimiz şəxsiyyət yetişdirməkdir“ - TƏHSİL EKSPERTİ

“Bizim ən vacib hədəfimiz şəxsiyyət yetişdirməkdir“ - TƏHSİL EKSPERTİ

“Hazırda ölkənin 4432 orta ümum təhsil məktəbində 1.6 milyon şagird təhsil alır. Təəssüf ki, biz şagirdlərə yalnız təsdiqlənmiş kurikulum və onun alt standartlarına uyğun informasiyalar verən dərsliklərlə təhsil veririk. Yəni, bu gün dərsliklərlə yalnız informasiya xarakterli məlumatlar ötürə bilirik”. Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.

Ekspert bildirib ki, şagirdlərin şəxsiyyət kimi yetişməsində dərsliklərin rolu kifayət deyil: “Bu gün Azərbaycanın tarixi günləri, həmin hadisələrlə bağlı məlumatlar, tarixi şəxsiyyətlərlə bağlı informasiyalar yetərli qədər deyil. Yəni, bu təkcə tarix fənninin üzərinə düşən məsələ də deyil. Biz Azərbaycan dili fənni dərsliyində müxtəlif mətnlər daxilində tarixi günlərlə bağlı məlumatlar verə bilərik. Həmçinin xüsusi günlərlə əlaqədar olaraq riyaziyyat fənnindən tapşırıqlar olmalıdır.

Bizim ən vacib hədəfimiz orta ümumtəhsil məktəblərində şəxsiyyət yetişdirməkdir. Həmin şəxsiyyət Azərbaycanın tarixi günlərini mütləq şəkildə dərindən bilməli və özünü bu tarixi hadisələrin tərkib hissəsi kimi görməlidir. Amma etiraf edək ki, bu istiqamətdə müəyyən qədər çatışmazlıqlar var. Dərsliklərin formatını dəyişməliyik, lakin dərslik də yeganə çıxış yolu deyil. Bununla bərabər müxtəlif istiqamətlər və formalarda şagirdlərə tariximizdən bəhs etməli, dərindən öyrətməliyik. Məktəblərin divarları, divar qəzetləri və tədbirləri məhz bu istiqamətə yönləndirilməlidir. Burada zəruri şəkildə şagirdlərə ən zəruri materiallar çatdırılmalıdır ki, onların şəxsiyyət kimi yetişməsi təmin olunsun”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə