“Qarabağ Universiteti qalib Azərbaycanın qalib ali məktəbidir” - SORĞU

“Qarabağ Universiteti qalib Azərbaycanın qalib ali məktəbidir” - SORĞU

“Qarabağ Universiteti üçün artıq vakansiyalar elan edilib. Qarabağ Universiteti Azərbaycanın təkcə elm və təhsil həyatında deyil, siyasi həyatında da böyük əhəmiyyəti və rolu olacaq. Qarabağ işğaldan azad edilib və orada gecə-gündüz bərpa, quruculuq işləri davam edir. Deməli, Qarabağa mütləq şəkildə ali təhsil müəssisəsi də lazım idi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.

Deputat bildirib ki, Azərbaycan dövlət başçısının sərəncamı ilə Xankəndində Qarabağ Universitetinin yaradılması ilə bağlı qərar qəbul olundu: “Qarabağ Universiteti diqqət mərkəzində olan bir ali təhsil ocağı olacaq. Universitetdə tələbələrin təhsili ödənişsiz olacaq və orada müəllimlərin əməkhaqqı Azərbaycanın digər ali məktəblərdən müəyyən qədər fərqli olacaq. Qarabağ Universiteti qalib Azərbaycanın qalib ali məktəbidir. Buna görə də bu sıradan ali məktəb deyil, Azərbaycan dövlətinə və xalqına şərəf gətirəcək bir ali təhsil müəssisəsidir. Artıq sentyabr ayında dərslər başlayacaq, bu istiqamətdə lazımi bütün işlər görülür”.

Məsələ ilə bağlı millət vəkili Aydın Mirzəzadə fikirlərini bölüşüb:

“Qarabağ Universitetinin Azərbaycan Universitetləri içərisində nüfuz qazanacağı, ön sıralarda yer tutacağına şübhə ola bilməz. Universitetin adında bizim yüz illərlə apardığımız mübarizənin simvolu var. Universitet Azərbaycanın zəfərinin, ərazi bütövlüyümüzün bir göstəricisidir. Dövlət onun ayaq üstdə durmasına, ən yaxşı universitetlər sırasına daxil olmasına böyük maraq göstərir və lazımi dəstək verilir.
Ölkə başçısının universitetin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün ilkin pul vəsaitinin ödənilməsi barəsində olan sərəncamı da bu qəbildəndir.

Universitet işə qəbul məsələsində mühüm yenilik etdi. İstənilən vakansiyalar barəsində elanlar verir və bura böyük maraq var. Birinci tədris ilində 2 kursun fəaliyyət göstərməsi nəzərdə tutulub.

Qarabağ Universiteti tariximizə, gələcək planlarımıza uyğun olacaq gənclər yetişdirəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə