"Məktəblərdə lazımi səviyyədə dərs keçilmir" - EKSPERT İRAD BİLDİRDİ

"Məktəblərdə lazımi səviyyədə dərs keçilmir" - EKSPERT İRAD BİLDİRDİ

"Ölkəmizdə bəzi valideynlər maaşının iki qatı qədər repetitora ödəniş edir. Bu da onu göstərir ki, ölkəmizdə valideynlər övladının təhsili üçün kifayət qədər çox pul xərcləyirlər və buna uşaqlarının gələcəyinə investisiya kimi baxırlar. Bu çox müsbət bir haldır”. Bu sözləri SİA-ya təhsil eksperti Adil Vəliyev deyib.

Onun sözlərinə görə, məktəblərdə istədiyimiz səviyyədə dərs keçilmir: “Bunlara səbəb vaxtın azlığı, siniflərdə şagird sayının çoxluğudur. Əslində, biz bu sistemi yavaş-yavaş təkmilləşdirməyə başlasaq, çox yaxşı nəticə əldə edə bilərik. Hazırda dövlət məktəbindəki quruluşu özəl təhsil müəssisələrindəki sistemlə əvəzləyə bilərik. Belə ki, dərsdən sonra ev tapşırıqlarını hazırlamaq üçün müəllim şagirdlərə vaxt ayırır və bunun müqabilində müəyyən qədər məvacib alır. Çünki aşağı sinif şagirdlərinin əksəriyyəti, yuxarı siniflərin isə 30-40 faizi öz məktəb müəllimlərinin yanına hazırlığa gedirlər”.

Ekspert qeyd edib ki, yeni sistem tətbiq olunsa, böyük töhfələr verə bilər: “Məktəbdə bu sistem üçün şərait yaradılsa, həm vaxta qənaət edərik, həm də valideynlərin xərcini azaltmış olarıq. Eyni zamanda, həmin pullarla müəllimin də maaşı artar, hətta məktəbin hansısa ehtiyacı varsa, onlar da ödənə bilər. Bəzi ölkələrdə bu sistemdən istifadə olunur. Ölkəmizdə bəh-bəhlə danışılan Sinqapur, ABŞ, Finlandiya təhsil sistemlərində belə valideynlər övladlarını hazırlıqlara göndərirlər. Rəqabəti təmin etmək üçün övladlarımızı hazırlıqlara göndərməliyik”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə