"Əksər ixtisaslarda öyrədilən biliklər bazarın tələblərini ödəmir" - EKSPERT NARAZILIQ ETDİ

"Əksər ixtisaslarda öyrədilən biliklər bazarın tələblərini ödəmir"  - EKSPERT NARAZILIQ ETDİ

Bir çox ali məktəb tələbələri universitetlərdə nəzəri fənlərə üstünlük verilib təcrübəyə isə maraq göstərilməməsindən narazıdır. Sual olunur bəs nə üçün universitetlərdə təcrübəyə maraq yoxdur?

Mövzu ilə bağlı SİA-nın suallarını təhsil eksperti Rizvan Fikrətoğlu cavablandırıb.

Onun sözlərinə görə, tələbələrin təcrübə əldə etməməsində universitetlərin məsuliyyətsizlikləri də var: “Düşünürəm ki, təcrübə hər smestrdə və hətta bir çox ixtisaslar təcrübə zonasında öyrədilməlidir. 1-ci kursda keçirilən fənnin təcrübəsini 4-cü kursun sonunda keçmək mənasızdır. Çox vaxt bu təcrübə də formal xarakter alır. Tələbə boşluqdan istifadə edərək təcrübə keçdiyi müəssisəyə getmədən təcrübəsini uğurla başa vurmasını təsdiqləyən sənədi universitetə təqdim etməklə işini yekunlaşdırmış olur. Düşünmür ki, bu onun gələcəyi üçün təhlükəli məqamdır”.

Ekspert bildirib ki, bəzi universitetlərdə təcrübə üçün yaxşı imkanlar olsa da, həmin imkanlardan yetərincə istifadə edilmir: “Əksər ixtisaslarda öyrədilən biliklər bazarın tələblərini ödəmir. Kompüter elmləri, jurnalistika kimi ixtisaslar dəyişir, yenilənir. Bu kimi ixtisaslar nəzəriyyədən daha çox praktika sahəsində öyrənmə tələb edir. Bizdə isə auditoriya ilə kifayətlənirlər”.

R.Fikrətoğlu sonda qeyd edib ki, ölkəmizdəki ali təhsil ocaqlarının əsasən nəzəriyyə üzərində qurulması, praktiki hazırlıqların az olması oxumaq, öyrənmək istəyən gənclərin bir qisminin xaricə axınına səbəb olur: “Universitetlərimiz təcrübə proqramlarını genişləndirməli, öz imkanlarını artırmalı, yerli və xarici şirkətlərlə, institutlarla əməkdaşlığa maraq göstərməli, hər kim gəldi müəllim kimi işə qəbul etməməlidir. Əlbəttə, yaxşı kadr universitetdə ucuz maaşa işləmir. Bu səbəbdən mövcud boşluq zəif kadrlarla dolur və bu da böyük uçurum yaradır”.

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə