"İlkin nəticələri təhlil etdik" - EKSPERT FİKRİ

“Keçdiyimiz gün Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycanın orta ümumtəhsil məktəblərində təhsil alan 52 minə yaxın şagird üçün keçirilən buraxılış imtahanları əvvəlki illərdən fərqlənirdi. Birincisi ən böyük dəyişiklik ilk dəfə olaraq Azərbaycanın bütün ərazilərində buraxılış imtahanlarının keçirilməsi idi. Həqiqətən də bu proses təkcə 2024-cü ilin deyil, müstəqil Azərbaycan tarixinin ən mühüm hadisəsi kimi tarixə yazıldı. Həmçinin bu il ilk dəfə olaraq buraxılış imtahanlarında iştirak edən şagirdlər imtahandan sonra özləri ilə imtahan kitabçasını götürə bilərdilər. Bu kifayət qədər yaxşı bir haldır. Məhz bunun sayəsində həm suallar, həm də imtahan nəticələri ilə bağlı artıq ilkin nəticələr var”. Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.

O bildirib ki, şagirdlər artıq bir aya yaxın müddət ərzində imtahan cavablarını gözləməyəcək, müəllimlərinin köməyi və DİM-in saytındakı etalonlarla yoxlamaqla ilkin balları ilə bağlı məlumatlı olacaqlar: “Ümumilikdə 52 min şagirdin iştirak etdiyi imtahanların sual kitabçaları əsasında ilkin nəticələri təhlil etdik. Deyə bilərik ki, Azərbaycan dili fənnindən test tapşırıqları orta ümumtəhsil məktəblərinin tədris proqramına uyğun idi. Xüsusilə diqqət cəlb edən yeni tipli suallar var idi ki, onlar da əsasən dilin qrammatik qaydalarını özündə əks etdirirdi.

Riyazi biliklərlə bağlı test tapşırıqları orta ümumtəhsil məktəblərinin tədris proqramına tamamilə uyğun idi. Məntiqi-riyazi test tapşırıqları orta ümumtəhsil məktəblərinin tədris proqramlarında da yer alır və test tapşırıqlarında öz əksini tapmışdı. Xarici dil ilə bağlı isə vəziyyət kifayət qədər yaxşıdır. Artıq sevindirici haldır ki, şagirdlərimizin ingilis dili ilə bağlı bilgiləri nəzəri deyil, praktiki bilgilərdir. Bu bacarıqların yoxlanılması üçün onlar dinləmə tipli test tapşırıqlarında öz bacarıqlarını nümayiş etdirirlər. Ümumilikdə 3 mart tarixində keçirilən imtahanın test tapşırıqları orta ümumtəhsil məktəblərinin tədris proqramı və kurikulum məzmununa uyğun idi. Bu ilki imtahan sualları əvvəlki illərlə müqayisədə kifayət qədər rahat idi”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə