"Qarabağ Universiteti yaxında digər universitetlərlə rəqabətə girə biləcək" - MÜNASİBƏT BİLDİRİLDİ

"Qarabağda Qarabağ Universitetinin yaranması ilə bağlı cənab Prezidentin verdiyi sərəncam hər kəs tərəfindən müsbət qarşılandı". Bu sözləri SİA-ya açıqlamasında deputat Naqif Həmzəyev deyib.

O bildirib ki, artıq Qarabağ Universitetinin fəaliyyətinin yüksək səviyyədə təşkil olunması ilə bağlı dövlət tərəfindən lazımi vəsait də ayrılıb: "Burada, xüsusilə, müasir dövrün tələblərinə cavab verən ixtisasların tədrisi və bu ixtisaslarda kadrların yetişdirilməsi həyata keçiriləcəkdir. Eyni zamanda universitetdə yüksək səviyyəli, peşəkar müəllimlərin tədris etməsi üçün də şərait yaradılacaq. Nəticə etibarilə bu da müəyyən dərəcədə məşğulluq problemini həll etmiş olacaq. Qarabağda yaşayan, çalışan insanlar üçün məhz Qarabağ və Şərqi Zəngəzuru tərk etmədən övladlarının təhsil almasına ilkin şərait yaradılır. Həmçinin digər bölgələrdə yaşayan insanlar da Qarabağ Universitetində təhsil ala biləcəklər. Qarabağ Universitetində xaricdən gələn tələbələr də təhsil alacaqlar. Bu həm yerli kadrların, həm də xaricdən gələn tələbələrin burada təhsil alaraq Azərbaycanla, bu universitetlə bağlı müsbət fikirlərinin öyrənilməsi və təbliğ edilməsi üçün əla fürsət olacaqdır.

Qarabağ Universitetini digər universitetlərdən fərqləndirən ən əsas cəhətlərdən biri də odur ki, burada həm tələblər üçün, həm də müəllimlər üçün xüsusi güzəştlər tətbiq ediləcək. Düşünürəm ki, bu da universitetə müraciətlərin sayının artmasında və bu universitetə qəbulla bağlı sağlam rəqabətin olmasına gətirib çıxaracaqdır. Nəticədə Qarabağ Universiteti, ADA Universiteti, İqtisadiyyat Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və digər öndə gedən universitetlərlə yaxın illərdə rəqabətə girə biləcək. Savadlı, bacarıqlı, əmək bazarının tələbatına uyğun kadrlar hazırlaya biləcək bir universitetə çevriləcəkdir. Hətta biz yaxın onillikdə regionun ən aparıcı universitetlərindən birinə çevrilməsini arzu edirik. Düşünürəm ki, cənab Prezident aidiyyatı qurumlar, hökumət, Elm və Təhsil Nazirliyi qarşısında bu tapşırıqları qoyub. İnanıram ki, Elm və Təhsil Nazirliyi və aidiyyəti qurumlar bu tapşırıqları yüksək səviyyədə yerinə yetirəcəkdir. Biz Qarabağ Universitetini tək Azərbaycanın yox, həm də regionun ən aparıcı, qabaqcıl universitetlərindən birinə çevirə biləcəyik".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə