Qəbul imtahanlarında keçid balları aşağı düşür? - DİQQƏT -EKSPERT AÇIQLADI
"Bu il ali təhsil müəssisələrinin magistr pilləsində müəyyən qədər İngilis dili ilə bağlı test nümunələrində fərqlilik görsək də, bakalavr pilləsinə qəbul imtahanları ilə bağlı hər hansı bir yenilik və dəyişiklik yoxdur. Amma keçirilən sınaq imtahanlarının nəticələri və nəticələrin ilkin təhlili əsasında deyə bilərik ki, bu il ali təhsil müəssisələrinə qəbul imtahanlarından o qədər də yüksək nəticə gözləmirik". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib.
Kamran Əsədov sözlərinə belə davam edib: "Birincisi, ona görə ki, bu il 11-ci sinifdən məzun olanlar pandemiya dövründə 3 il ərzində xüsusən orta təhsilini alıblar və onların Riyaziyyat, Kimya, Fizika fənni ilə bağlı tədrisin təşkilində müəyyən qədər problemlər var idi. Bu il ali təhsil müəssisələrinin qəbul plan yerinin artması həmçinin, Qarabağ universitetinin açılması, eyni zamanda ADA universitetində dizayn ixtisasının açılması artıq müəyyən qədər qəbul plan yerinə öz təsirini göstərir.
Təbii ki, qəbul plan yerinin artması, abituriyentlərin sayındakı azalmalar müəyyən qədər balların aşağı düşməsinə gətirib çıxara bilər. Həmçinin, digər bir faktı xüsusən qeyd edim ki, qəbul imtahanlarında ciddi bir dəyişiklik olmayacağına görə bizim abituriyentlər mütləq test faktlar üzərində işləməlidirlər.
Dekabr, yanvar ayındakı bir çox abituriyentlərin sınaq imtahanlarının nəticələrinin təhlili, statistik analizlər göstərir ki, biz daha çox yüksək ballı abituriyentləri 4-cü qrupda görəcəyik. 3-cü qrupda təbii ki Regionşünaslıq ixtisaslarına meyillənmədə bu il artımın olacağı gözlənilir, 2-ci ixtisas qrupunda xüsusən abituriyentlər tərəfindən maliyyə ixtisasına meyillənmələri artıq ilkin olaraq məzunlar arasında müşahidə edə bilirik. Amma abituriyentlərin nəticələrinin 2022-2023-cü ildəki kimi olmasını artıq proqnozlaşdıra bilirik".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə