"Əvvəlki dövrdə gənclərimiz daha çox xaricə üz tuturdular" - ŞƏRH EDİLDİ

"Əvvəlki dövrdə gənclərimiz daha çox xaricə üz tuturdular"  - ŞƏRH EDİLDİ

Bu gün Azərbaycan İlahiyyat İnstitutunun yaranmasından 6 il ötür. Bəs ilahiyyat institutunun Azərbaycan üçün əhəmiyyəti nədən ibarətdir? SİA mövzu ilə bağlı Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədovun fikrini alıb.

Millət vəkili bildirib ki, Azərbaycanda din sahəsində ən önəmli qərarlardan biri də Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasıdır: "İllər öncə Ulu Öndər uzaqgörən addım ataraq Azərbaycanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini yaratdı. Sonrakı dövrdə isə Prezident İlham Əliyev hazırkı İlahiyyat İnstitutunu yaratdı. Hər iki müəssisə Azərbaycanda din münasibətlərinin tənzimlənməsində böyük rola malikdir. Azərbaycan İlahiyyat İnstitutu ölkədə dini kadrların yetişdirilməsində xüsusi əhəmiyyətə malik bir qurumdur".

C.Məmmədovun sözlərinə görə, din mənəviyyatla yanaşı həm də təhlükəsizlik məsələsidir: "O mənada İlahiyyat İnstitutunun əhəmiyyəti böyükdür, çünki biz özümüzə kadrlar yetişdiririk. Əvvəlki dövrdə gənclərimiz daha çox xaricə üz tuturdular. Bu bir sıra hallarda onların təsirlərə məruz qalmasına gətirib çıxarırdı. Amma artıq biz öz kadrlarımızı yetişdirə bilirik. Eyni zamanda biz bu vasitə ilə dini təhlükəsizliyimizi də təmin etmiş oluruq. İlahiyyat İnstitutu bir neçə ildir fəaliyyət göstərir. Bu mənada Azərbaycan İlahiyyat İnstitutunun çox böyük önəmi var. Qarşıda digər vəzifələr də var amma institut bu gün həm bakalavr, həm magistr, həm doktorantura təhsili verir. Bütün mərhələlərdə təhsil dövlət tərəfindən tam ödənişsizdir, tələbələrə təqaüd verilir. Bütün bunlar dövlətimizin bu sahəyə diqqət və qayğısının göstəricisidir. Əlbəttə bu məsələnin nə qədər önəmli olduğu da növbəti illərdə özünü açıq aydın göstərəcək".

Müəllif: Rəşid Qarayev

Bütün xəbərlər Facebook səhifəmizdə