"Bütün sahələr üzrə əməkdaşlıqlar inkişaf etdirilir” - ŞƏRH EDİLDİ

"Bütün sahələr üzrə əməkdaşlıqlar inkişaf etdirilir” - ŞƏRH EDİLDİ

“Biz Türkiyə ilə qardaş ölkəyik. Həm dövlətlərimiz, həm xalqımız, həm də dövlət başçıları biri-birlərinə müraciətdə qardaş deyirlər. Buna görə də Azərbaycan öz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra bizim ən çox ünsiyyət saxladığımız, əlaqə qurduğumuz dövlət də məhz Türkiyə Cümhuriyyətidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Anar İsgəndərov deyib.

Deputat bildirib ki, Türkiyə Cümhuriyyəti Azərbaycanın ağrılı problemi olan Qarabağ məsələsinin həllində əvvəldən sonadək Azərbaycanın yanında oldu: “Xüsusilə də 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan hər an Türkiyənin köməyini, gücünü hiss etdi. Eyni zamanda Azərbaycana qarşı olan dövlətlər də hər daim Türkiyəni bizim yanımızda gördülər. Bu mənada Türkiyədən Azərbaycana hər bir nümayəndə heyətinin gəlişi qardaş, dost gəlişidir və səfərlərin çox böyük uğurları olur.

O cümlədən, Türkiyə Cümhuriyyətinin milli təhsil nazirinin ölkəmizə səfəri də tarixi hadisələrdən biridir. Azərbaycan dövlət müstəqilliyinin bərpası ilindən sonra ən çox tələbə göndərdiyi ölkə Türkiyədir. Hazırda da orada minlərlə azərbaycanlı təhsil alır. Xüsusilə ölkəmizdə səhiyyənin inkişafında, ayrı-ayrı xəstəxanalarda mütəxəssislər baxımından Türkiyədə təhsil alan həkimlərin sayı kifayət qədərdir.

İki ölkə arasında təhsil sahəsində diplomların tanınmasından başlayaraq, magistratura pilləsində mübadilələrin aparılması istiqamətində mühüm işlər görülüb, əməkdaşlıqlar qurulub. Hazırda da iki ölkə arasında nəinki təhsil, bütün sahələr üzrə əməkdaşlıqlar inkişaf etdirilir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə