"Müəllim adını uca tutmağı bacarmayanlara qarşı cəza tədbirləri görülməlidir" - EKSPERT FİKRİ
“Müəllimin davranışı onların etik davranış qaydalarına əsaslanmalıdır. Bütün növ təhsil müəssisələrində çalışan müəllimlərə şamil edilən bu qaydalar təhsilin bütün səviyyələrində təhsilverənlərin ümumi davranışını və təhsil prosesi iştirakçıları ilə qarşılıqlı münasibətlərini tənzimləyən normalar məcmusundan ibarətdir”. Bu barədə SİA-ya açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib.
Onun sözlərinə görə, müəllimin davranışı təhsil müəssisələrində sağlam işgüzar durumun bərqərar olmasına, vətəndaşların təhsil müəssisəsinə və müəllimə etimadının artırılmasına səbəb olmalıdır: “Müəllim peşə nüfuzunu möhkəmləndirməyə, müəllim adını, şərəf və ləyaqətini uca tutmağa borcludur. Müəllim etik davranış qaydalarını pozduğu halda pozuntunu tez bir zamanda aradan qaldırmalı, ictimai etimadın bərpasına çalışmalıdır. Müəllimin pedaqoji etika və əxlaq normalarına riayət etməsi bir növ gələcək nəsilin tərbiyələnməsinə imkanlar yaradır. Müəllim şəxsi nümunə olmalıdır. Bu nümunə şagirdlərə işgəncə göstərməklə, zor tətbiq etməklə, şəxsiyyətin şərəf və ləyaqətinə toxunmaqla və ya hansısa şagirdi qısnamaqla olmur. Bütün münasibətlər şagirdlərin şəxsiyyət kimi yetişməsinə xidmət etməlidir. Gələcəyimizi məktəbli yaşından sağlam mühitə, düzgün tərbiyəyə, əxlaq kodekslərinin mənimsənilməsinə yönəltməli, düzgün dəyərləri aşılamalıyıq”.
Ekspert bildirib ki, müəllim özünə və təhsilalanlara qarşı tələbkar olmalı, bu tələbkarlıq əsaslı və müsbət xarakter daşımalı, təmkinli davranmalı və hər bir vəziyyətdə özünü ələ almağı bacarmalıdır: “Müəllim şagirdlərə qarşı xeyirxah və ədalətli olmalı, onlara qarşı haqsızlığa yol verdikdə səhvini etiraf etməyi bacarmalı, onun nəticələrini aradan qaldırmağa çalışmalıdır. O hər zaman nitqinə fikir verməli, nitqində kobud və təhqiredici sözlər işlətməməlidir. Başqa bir məsələ isə müəllimlərə qarşı tələblər yumşaq olmamalı, müəllim adını uca tutmağı bacarmayan, bu addan istifadə edən, etik davranış qaydalarını pozan müəllimlərə qarşı sərt cəza tədbirləri görülməli, habelə təhsil müəssisələrindən uzaqlaşdırılmalıdır. Bununla yanaşı, müəllim adı və müəllim əməyi həmişə uca tutulmalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB