Gürcüstanda bank qarət olunub

Yanvarın 26-da axşam saatlarında Gürcüstanın Sameqrelo-Zemo Svaneti bölgəsinin Senaki şəhərində “Gürcüstan Bankı”nın (Bank Qruzii) filialı qarət olunub.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilir ki, banka daxil olan silahlı şəxs əməkdaşlara hədə-qorxu gələrək pul tələb edib. İstədiyi məbləği aldıqdan sonra cinayətkar bir nəfəri də girov götürərək qaçmağa nail olub.

Hüquq-mühafizə orqanlarının həyata keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində polis həmin şəxsi saxlayıb, girov azad olunub. Pul və bıçaq da dəlil olaraq götürülüb.

Həmin şəxsi 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bütün xəbərlər Facebook səhifəmizdə