"Sertifikatlaşdırma təhsilimizə nə qazandıracaq? - MÜNASİBƏT BİLDİRİLDİ

"Sertifikatlaşdırma təhsilimizə nə qazandıracaq? - MÜNASİBƏT BİLDİRİLDİ

"Müəllimlərin sertifikatlaşdırılması prosesi xalq dilində desək, müəllimlərin sertifikasiyası təhsil sahəsində atılan ən vacib və ən müsbət addımlardan biridir". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Elmin Nurizadə deyib.

O, bildirib ki, sertifikatlaşdırma bütün sahələrdə, xüsusilə təhsil sahəsində öz əksini tapmalıdır: "Çünki müasir təhsil sürətlə inkişaf edir. İT texnologiyasından sonra ikinci, üçüncü pillələrdə inkişaf edən sahələrdən biri də təhsildir. Klassik mexanizmlər, məzmunlar var ki, həmişə yerində qalır, amma forma, məzmun baxımından dəyişən təhsil də var. Bu istiqamətdə müəllimlərin nə dərəcədə inkişaf etdiyini bilməkdən ötrü sertifikasiya önəmlidir. Müəllimlərin cəmiyyət üçün faydalılığını, yetişdirdiyi şagirdlərə müsbət təsir etmək dərəcəsini bilmək üçün sertifikasiya vacibdir. Nə yaxşı ki, biz buna başladıq. Əsas odur ki, sertifikasiyaya başlamışıq. Bu proses asan deyil, təşkilati, psixoloji məsələləri var. İki ilə yalnız ibtidai sinif müəllimlərinin bir hissəsini sertifikasiyadan keçirə bilmişik. Müəyyən narahatlıqlar oldu. Müəllimlərin sertifikasiyasında suallar MİQ-lə müqayisədə daha sadədir. Bunu MİQ-dən keçən 10 müəllimin 9-u deyir. Onlarla söhbətdə fikirlərini almışam. Sertifikasiyanın əsas məzmunu ondan ibarət idi ki, müəllim öz predmetinin ibtidai bazansını bilir, yoxsa yox? Reallıq göstərdi ki, bəzi müəllimlər, təəssüf ki, ibtidai səviyyəni belə bilmirlər. Bunun üçün də dövlət onlara ikinci şans yaratdı. Sertifikasiyadan kəsilən, yəni 31 baldan aşağı nəticə göstərən müəllimlər üçün ikinci il yenidən imtahan vermək şansı yaradıldı".

"763 nəfər müəllim ikinci şansdan kəsildi və onlarla olan əmək müqaviləsinə xitam verildi. Bakı məktəblərində kəsilən müəllimlərdən 70-ə qədəri məktəblərdə müxtəlif işlərlə təmin olundular. Məktəb öz müəllimini tərk etmədi. Sertifikasiyada 60 sual verilir. Bu sualların 31-nə cavab verən müəllim həm İmtahandan keçir, həm də maaşına 10% əlavələr gəlir. 51-dən yuxarı cavab verən müəllim isə 35% artım əldə edir. Təhsilimiz adına son illərdə atılan ən müsbət addımlardan olan sertifikasiyadan qorxmaqdansa, ondan daha yaxşı yararlanmaq lazımdır"- deyə E.Nurizadə əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə