"Bir şəxsin tapşırığının başqası tərəfindən yerinə yetirilməsi saxtakarlıqdır" - RƏYLƏR
Ali məktəblərdə sərbəst iş, kurs işi hətta buraxılış işi kimi tapşırıqları müəyyən məbləğ müqabilində hazırlayan şəxslər var. Üstəlik buna tələbələr arasında da maraq böyükdür. Buna səbəb nədir? Bu kimi halların qarşısını almaq üçün hansı tədbirlər görülməlidir? SİA mövzu ilə bağlı təhsil ekspertlərinin fikrini öyrənib.
Ekspert Kamran Əsədovun fikrincə, bir şəxsin tapşırığının başqası tərəfindən yerinə yetirilməsi plagiatdır, saxtakarlıqdır: “Çox təəssüflər olsun ki, bu gün istər ali təhsil müəssisələrində bakalavr, magistratura, doktorantura pillərində bu hallara rast gəlinir. Hətta Azərbaycanda elmlər doktorları, namizədləri var ki, öz elmi tədqiqat işlərini özləri yazmırlar, pul qarşılığında başqalarına yazdırırlar. Bu gün Azərbaycanda kifayət qədər elmlər doktoru olduğunu deyənlər var ki, onların elmi tədqiqat işlərindən xəbərləri yoxdur. Bu əxlaqsızlığın bir növüdür, sadəcə olaraq biabırçılıqdır. Ad ala bilərlər, amma elmə xidmətləri olmur. Hazırda işin yalnızca plagiat olub-olmamasını yoxlamaq mümkündür. İşin başqası tərəfindən yazılmasını yalnız müdafiə şurası yoxlaya bilər. O da bəzi hallarda formal xarakterli olur.
Çox təəssüflər olsun ki, bu gün bizim bakalavr, magistr, doktorantura pillələrində təhsil alan tələbələrimiz bu tipli xidmətlərə meyl edirlər. Bunun səbəbi ali təhsil müəssisələrində bu işlərin yerinə yetirilməsi üçün yetərli dərslər keçirilmir. Məqalə, elmi iş, kurs işi necə yazılmalıdır mövzusunda heçnə öyrədilmir. Tədris başlayan kimi tələbələrə təklif edirlər ki, bu mövzunu götürüb yazın. Tələbələrin tədqiqatçılıq, yazı bacarıqları aşağı olur.
Digər tərəfdən bəzi ali təhsil müəssisələrində tələbələri kurs işlərinə görə kəsirlər, ballarında müəyyən qədər problem yaradırlar. Tələbələr ona görə də bu üsulu seçirlər. Hesab edirəm ki, biz kurs işi, sərbəst iş kimi fərdi tələbləri aradan qaldırmalıyıq. Bu gün dünya təhsilinə inteqrasiya ediriksə, baloniya sisteminə qoşulmuşuqsa bu cür standart məsələləri aradan qaldırmalıyıq. Bu gün bu bizim üçün ciddi bir problemə çevrilib. Niyə tələbələr faydası olmayan işlər yazmalıdır? Hesab edirəm ki, biz təhsil sistemindən bu məsələni çıxarsaq daha effektiv olar”.
Ekspert Elçin Süleymanov isə bildrib ki, bu məsələ həqiqətən çox ciddi problemdir: “Son illərdə sosial şəbəkələrdə müəyyən pul qarşılığında kurs işi, dissertasiya yazılması elanlarına tez-tez rast gəlinir. Bu vəziyyət heç də arzuolunan hal deyil, oğurluq sayılır. Eyni zamanda dissertasiyaların müdafiə prosesində və s. müəllimlərin də işlərini çətinləşdirir. Belə bir məsələ qanun pozuntusudur, dələduzluq sayılır. Tələbələr arasında tənbəllik, vaxt azlığı, bilik və bacarıqların əksikliyi sövq edir ki, müəyyən pul müqabilində bu xidmətdən istifadə etsinlər. Bunun qarşısı alınmalıdır. Çünki bu elmi oğurluq, digər tələbələrin hüququnun pozulması sayılır, çünki başqasına yazdırılan buraxılış işi tələbənin özü yazdığı buraxılış işindən daha yüksək qiymət alırsa bu digər tələbəyə qarşı haqsızlıqdır. Bu cür problemləri və baloniya prosesindəki müəyyən nüansları nəzərə alaraq universitetlərdə sərbəst işləri ləğv etdilər. Artıq sərbəst iş yerinə semestrdaxili fəaliyyətə görə qiymətləndirmə aparılır. Eyni zamanda artıq bu ildən etibarən xüsusilə ictimai ixtisaslarda ləğv olundu. Dövlət attestasiya imtahanının da ləğvi nəzərdə tutulur. Baloniya sistemində bunlar yoxdur. Çünki bir fənni əgər tələbə keçibsə onu dövlət imtahanı şəklində yenidən imtahan edilməsinin bir mahiyyəti yoxdur, bunun akademik transkliptdə də yeri yoxdur.
Buraxılış işi akademik göstəricilərə müsbət təsir göstərirdi, sadəcə bu neqativ hallara görə atılan addım faydalı oldu. Amma tələbələr elmi tədqiqatlara həvəslərini artırmalıdır. Əgər akademik istiqamətdə karyera planlayırlarsa tədqiqat qruplarında olmalıdır, konfranslarda iştirak etməlidirlər. Amma burada özü bunu etməlidir. Düzdü pul müqabilində yazılanları qeyd etdim, amma bir başqa problem də müxtəlif proqramlar, məsələn "ChatGPT" və bənzəri süni intellekt vasitəsilə də məqalələr yazılması müşahidə olunur. Avropada, ABŞ-də ən çox müzakirə olunan, problem kimi göstərilən məsələlərdən biri də budur. Buna görə elmi etika çox əhəmiyyətlidir. Bu orta məktəbdən şagirdlərə aşılanmalıdır. Bir tələbə araşdırma edəndə ortabab bir araşdırma ortaya qoysun, amma özününkü olsun. Bu daha məqbuldur, nəinki pul müqabilində başqasının hazırladığı məhsulu təqdim etmək. Bundan istifadə edərək elmi ad almaq da tələbələrə baş ucalığı gətirməz. Tələbələrə tövsiyəm odur ki, özləri çalışsın, elmi rəhbərləri ilə görüşüb istiqamət alsınlar. Artıq internet əsridir, istənilən məlumata əlçatanlıq var. Sadəcə yaxşı bir planlama və müəyyən qədər vaxt ayırma ilə buraxılış işlərini, dissertasiyalarını yazmaq mümkündür. İnternet sərhədsiz elmi aktivlik təqdim edir. Yetər ki, düzgün yerdə düzgün araşdırmalar aparılsın. Pul müqabilində bunların yazılması həm etik deyil, həm də ümumiyyətlə hüquq pozuntusudur. Bu vasitə ilə alınan diplom aşkar edilərsə ləğv edilə bilər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB