"Özəl orta təhsil müəssisələrinə maraq gələcəkdə daha da artacaq" - EKSPERT AÇIQLADI
“Azərbaycanda özəl orta təhsil müəssisələri tələb baxımından kifayət qədər maraq doğurur və əslində, özəl təhsil müəssisələrinin olması həm də rəqabət mühitini kifayət qədər gücləndirir”. Bu barədə SİA-ya açıqlamasında təhsil eksperti İlqar Orucov deyib.
Onun sözlərinə görə, özəl orta təhsil müəssisələrinə maraq var, maraq olmasa onlar genişlənməz: “Təbii ki, özəl təhsil müəssisələrində təhsil haqqı da kifayət qədər yüksək məbləğlə xarakterizə olunur. Orada həm də əlavə xidmətlər mövcuddur. Dövlət icbari orta təhsili təmin edib, daha çox maddi baxımdan imkanlı ailələr özəl orta məktəbləri seçirlər. Amma ümumilikdə hesab edirəm ki, özəl orta təhsil müəssisələrinə maraq gələcəkdə daha da artacaq. Mən bunu zərərli yox, normal hal kimi qəbul edirəm”.
Ekspert bildirib ki, orta təhsil müəssisələri, liseylərin dərs keyfiyyətini artırmaq lazımdır: “Özəl təhsil müəssisələrinin müstəsna fərqləri var deməzdim. Amma özəl təhsil müəssisələrinin adlarından da göründüyü kimi müstəqillikləri var. Tədris proqramları Elm və Təhsil Nazirliyi ilə razılaşdırılır, amma onların şagirdlər üçün yaratdıqları əlavə imkanlar kifayət qədər genişdir və bunlar orta təhsil alan şagirdlərin yaxud valideynlərinin vəsaitlərinin təminatı hesabına keçirilir. Dövlət və özəl orta təhsil müəssisələrində fərq var, adından da göründüyü kimi bunlar özəl, ödənişlidir. Burada həm də valideynlər aradakı görməsələr o qədər ödənişi etməzlər”.
İ.Orucov sonda qeyd edib ki, özəl məktəblərin bir fərqi də odur ki, özəl məktəblər müraciət edən şagirdlərin ən yaxşılarını götürməkdə maraqlıdırlar: “Çünki yekunda buraxılış və qəbul imtahanlarının göstəriciləri ilə onlar özlərini bazarda təqdim edirlər. Bu baxımdan, özəl məktəblər dövlət məktəblərindən fərqli olaraq şagird seçimlərində sərbəstdirlər və çalışırlar ki, ən savadlı uşaqları götürsünlər. Məktəbə vəsait ödəyən valideyn əlbəttə vəsait müqabilində nəticələr almaq istəyir. Özəl məktəblərdə maliyyə sərbəstlikləri olduğu üçün onların müəllimlərə daha yaxşı əmək haqqı vermək imkanları genişdir. Əlbəttə ki, bütün bunlar onlar fərqli təhsil servisləri təqdim edə bilsin”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB