İxtisas seçimini necə etməliyik? - MÜNASİBƏT BİLDİRİLDİ

"İxtisas seçimi, onun fayda və fəsadları istiqamətində son zamanlar araşdırmalarımı daha da sürətləndirmiş və bu istiqamətdə bir neçə bəlli qənaətə gəlmişəm". Bu sözləri SİA-ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil müəssisələri üzrə tədqiqatçı Elmin Nurizadə deyib.

O, deyib ki, gəldiyim ilk qənaətə görə, biz Dövlət İmtahan Mərkəzinin elektron bazasında olan PDF şəklində yerləşdirilən jurnallardan istifadə etmirik: "Çünki DİM-in elektron bazasında ötən illərin keçid balı, ötən illərdə istənilən ixtisas qrupu üzrə rəqabətin göstəriciləri, nə qədər abituriyentin həmin qruplar üzrə sənəd verməsi, ödənişli əsaslarla qəbul olanlar, bir sözlə bütün statistikalar var. Bu statistikalar bəlli həqiqətləri gizləyir. İxtisas seçimi ayrıca sahə, predmet deyil ki, onun ayrıca mütəxəssisləri olsun. Biz başqa birinin işini özümüzdən daha yaxşı görəcəyinə inandığımız üçün bu işlə məşğul olanlara müraciət edirik. Hər il abituriyent jurnalının 4-cü, 5-ci, 6-cı nömrələrində, 12-ci sayında bütün statistik göstəricilər var. Jurnallar hər kəsin əlinin altında olmalıdır. Məsələn, bu il abituriyent 1-ci ixtisas qrupu üzrə imtahan verəcəksə, ötən illərin statistik göstəricilərini müəyyənləşdirsin. Öz valideyni, müəllimi, yaxın dostu ilə bir proqnoz irəli sürsün. Qənaətə gəlinsin ki, bu ilin ixtisas qrupunda hansı meyillər daha sürətli inkişaf edə bilər. Bizim əlimizdə statistik göstəricilər mütləq olmalıdır. Bizə hazırlaşdığımız vaxt test toplusu, hazırlıq vəsaiti lazımdırsa, sadalananlar daha çox vacibdir.

İkinci məsələ kimi seçəcəyi ixtisasların əmək bazarındakı yeri, rəqabətlilik dərəcəsi, faydalılığı təhlil olunmalıdır. Nümunə üçün şagird 1-cı qrup üzrə 370 bal toplayıb. İxtisas seçimi edən şəxslə birlikdə 370 baldan aşağı olan 15 ixtisas yazır. Əsas tələbə adını qazanmaq üçün belə edir. Ən böyük yanlış budur. Bu, təhsil yanlışlığı deyil, həyati yanlışlıqdır. Keçid balına uyğun istəmədiyi ixtisası təki tələbə adını qazanım deyə yazıramsa, bu həyati səhvimdir. Abituriyent düşünməlidir ki, mən harda varam, hansı ixtisas məndə var? Özümü necə realizə edə bilərəm? Cəmiyyət üçün faydalılığı nə qədərdir? Elə şagirdlər var ki, bal toplayıb ixtisas kimi logistikanı seçir. Soruşuruq ki, logistika nədir? Bilmədiyini deyir. İxtisasın lüğəti mənasını bilmirlər, seçirlər. Ekologiya mühəndisliyi seçən qıza meliorasiya mühəndisliyi nə deməkdir, deyirəm. Bu ixtisası oxusanız, hansı işlə məşğul olacaqsınız? Yenə bilmədiyini deyir. Onları tələbə adını qazanmaq maraqlandırır. Tələbə ikən xoşbəxt ola bilməyən, oxuduğu ixtisasdan zövq almayan tələbə xoşbəxt ola bilməz. Xoşbəxt olmayan tələbədən gələcəyin xoşbəxt kadrını gözləyə bilmərik".

Ekspert bildirib ki, abituriyent keçid balına aldanmamalıdır, ürəyinin sözü üstündə durmalıdır. Bəziləri elə keçid balı yığır ki, məcbur olur istəmədiyi ixtisası seçməyə. Onlara da məsləhət görmürəm. Başa düşürəm, oğlanlarda hərbi xidmət olur. Əgər qızdırsa, istəmədiyi ixtisası seçib gələcəkdə dörd il fərəhsiz tələbəlik keçirəcəksə, bir il də hazırlaşsın. Bir ilimiz itməsin deyə illərimizi, bəlkə də, cəmiyyət üçün faydalılığımızı itiririk.

Növbəti xəta plan yerlərinə diqqət ayırmamaqdır. Biz elə başa düşürük ki, plan yerləri simvolikdir. Elə deyil, ixtisas seçiminin bütün ürəyi plan yerindədir. Misal üçün, bir ixtisasa-BDU-nun hüquq fakültəsinə 80 yer, digər universitetin riyaziyyat ixtisasına 120 yer ayrılıbsa, bu o deməkdir ki, bizə riyaziyyatla bağlı 120 kadr lazımdır. Dövlət sifarişli plan yerlərinə diqqət ayıraq. Təəssüflər olsun ki, son illərdə DİM-in jurnallarında ödənişli, ödənişsiz olan yerlərinin sayı ayrı göstərilmir. Ümumi plan yerləri göstərilir. Yenə də məyus olmuruq. Abituriyent jurnalının 4-cü nömrəsində, sonuncu səhifələrdə ixtisaslar üzrə ayrılan dövlət sifarişli plan yerlərinə baxırıq. Orada BDU-da hüquqa nə qədər yer ayrılıb yazılmır, hüquqşünaslıq ixtisası yazılır. Bütün universitetlər üzrə hansında hüquqşünaslıq ixtisası varsa, dövlət sifarişli plan yerlərinin sayı göstərilir. Hansı üstünlük təşkil edirsə, deməli, bu gün dövlətin sifarişi onadır. O istiqamətdə kadrlara çox ciddi ehtiyac var. Bu detallara diqqət etsək, ixtisas seçimini uğurlu apara bilərik".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə