Bakının ən köklü məktəbinin məzunu Amerika mətbuatında

Bakının ən köklü məktəbinin məzunu Amerika mətbuatında

Prezident İlham Əliyevin də ziyarət etdiyi 162 saylı məktəbin məzunları öz nəticələri ilə fərqlənir

Azərbaycanın Dövlət Bayrağı ABŞ-ın Cənubi Florida Universitetinin Mühəndislik Kollecində asılıb. Bu barədə Amerikanın nüfuzlu FOX 13 televiziya kanalı material hazırlayıb, Amerika mətbuatında məqalələr dərc edilib.

Materialda bildirilir ki, Cənubi Florida Universitetində tələbələrin ən çox sevdiyi bir ritualın əhatə dairəsinə dünyanın daha bir ölkəsi əlavə olunub. 152-ci dəfədir ki, kollecdə məzun olan tələbənin şərəfinə daha bir dövlətin bayrağı qaldırılıb.

Bayrağımızın Universitetdə asılmasının səbəbkarı Vaqif Əsədov 2021-ci ildə Bakı Şəhəri, Səbail rayonunda yerləşən 162 saylı orta məktəbi bitirib. Azərbaycanlı Vaqif Əsədov üçün Cənubi Florida Universitetinin Mühəndislik Kollecinin binasının foyesinə daxil olmaq təkcə proqram mühəndisi olmağı öyrənməkdən ibarət olmadı, artıq o tarixin bir parçası oldu. "İnsanların Azərbaycan haqqında məlumat əldə etməsinə töhfə vermək gözəl hissdir", – deyə V.Əsədov bildirib.

Mühəndislik Kollecinin bayraqlarla bəzədilmiş guşəsində bir çox aparıcı ölkələrin – Yaponiya, Koreya, Almaniya, İngiltərə və Braziliyanın bayraqları asılıb. Onların arasında Lixtenşteyn, Mavriki, Nepal, Uqanda və Qazaxıstan kimi ölkələr də var.

"Burada əsas məqsəd kollecin qonaqpərvər yer olduğunu nümayiş etdirməkdir," – deyə Cənubi Florida Universitetinin Mühəndislik Kollecinin dekan müavini Bernard Batson qeyd edib.

Amerika mətbuatında yayımlanan məqalədə və sözügedən televiziya kanalında yayımlanan sujetdə Azərbaycanda müasir memarlıqla yanaşı, qədim tarixə malik olan şəhərlərin mövcud olduğu bildirilir. Qeyd olunur ki, həmyerlisi Vaqif Məmmədov ilə birlikdə Cənubi Florida Universitetinin Mühəndislik Kollecinin yuxarı kurs tələbəsi Vaqif Əsədovun sayəsində kollecin bayraq kolleksiyasına 152-ci bayraq əlavə edilib.

İndi bu dünya şöhrətli kollecdə ağ aypara və səkkizguşəli ulduzlu Azərbaycan bayrağı dalğalanır. "Bu, mənim həyatımda ən qürurlu anlardan biridir", – deyə V.Əsədov bildirib.

Qeyd edək ki, Vaqif Əsədovun 2021-ci ildə məzunu olduğu Bakı Şəhəri, Səbail rayonunda yerləşən 162 saylı orta məktəb Bakının ən qədim və köklü məktəblərindən biridir. Bu məktəbin məzunları ali məktəblərə imtahanlarda hər il böyük nailiyyətlər əldə edirlər. Məktəbin şagirdləri isə mütamadi olaraq beynəlxalq olimpiadalarda, müxtəlif bilik və idman yarışlarında qalib olub medallar qazanırlar. 1-ci Qarabağ müharibəsi qəhrəmanı, şəhid Etibar Allahverdi oğlu Əliyevin adını daşıyan bu təhsil ocağı Bakıda məzunları Vətən Müharibəsində ən çox şəhid vermiş məktəbdir. Məktəbin həyətində onlara xüsusi güşə düzəldilib və iri fotoları vurulub, haqqında məlumatlar qeyd olunub. Vətən Müharibəsində isə 162 saylı məktəb 4 məzununu şəhid verdi. Məktəbin əvvəlki illərdən olan məzunları Bilal Qəmbərov, Əli Tağıyev, İsmayıl Hüseynov, Cavidan Ağayev döyüşlərdə şücaət göstərərək qəhrəmanlıqla şəhid oldular.

Məlumat üçün qeyd edək ki, 107 yaşlı məktəbin binası 1917-ci ildə Bakı milyonçusu Murtuza Muxtarov tərəfindən inşa edilib. Məktəbdə qızlara təhsil verməklə yanaşı, toxumaq, tikiş tikmək kimi bacarıqlar öyrədilirdi. Məktəb 650 yerlik əsas korpusdan ibarətdir, 5 günlük və 2 növbəli iş rejimində işləyir. Hazırda 57 sinif komplektində 1689 nəfər şagird Azərbaycan və rus bölmələrində təhsil alır. 98 nəfərdən ibarət pedoqoji kollektiv üzvlərindən bir nəfər elmlər namizədidir.

Məktəbdə xarici dil kimi rus və ingilis dilləri tədris edilir. Müəllim-şagird nisbəti 1:13 nəfərdir. 2016-cı ildə yaradılmış "Kiçik Akademiya" AMEA-nın "Gənc Alim və Mütəxəssislər Şurası" nın dəstəyi ilə şagirdlərin potensial istedadınının aşkara çıxarılması, onların gələcək inkişafının düzgün istiqamətləndirilməsinin təmin edilməsi məqsədi ilə həyata keçirdiyi tədbirlər nəticəsində bir sıra uğurlara imza atıb. Belə ki, "KA" üzvü X sinif şagirdi Zeynəb Sadıxova "Sabahın alimləri" VI Respublika Olimpiadasında biologiya, İsgəndərov Rafael Rəşan oğlu fənn olimpiadalarında informatika fənni üzrə 3-cü yerin qalibi olub.

Digər "KA" üzvü Mahirə Əsədzadə I ixtisas qrupu üzrə DİM-in keçirdiyi qəbil imtahanında 700 bal toplayaraq,respublika üzrə maksimum nəticə göstərən abituriyentlərdən biri olub. Məktəbin məzunlarından iki nəfər qızıl və gümüş medala layiq görülüb. Məktəbdə zəngin maddi-texniki baza ilə təchiz olunmuş fizika, biologiya, kimya, informatika kabinetləri, ekosinif fəaliyyət göstərir. GÇH kabinetində isə mini kazarma yaradılıb. 11.09.2017-ci il tarixdə ölkə prezidenti cənab İlham Əliyev əsaslı təmirdən sonra məktəbə gələrək, görülmüş quruculuq işləri ilə yaxından tanış olub.

Hazırda məktəbin direktoru səlahiyyətlərini icra edən Nərgiz Ələkbərovanın sözlərinə görə, məktəbdə Təhsil Nazirliyinin "Rəqəmsal bacarıqlar" (Alqoritmika), STEAM pilot layihələri uğurla həyata keçirilir. STEAM şagirdləri "Hakaton 2021" ,"Makerthon 2021" ,"Makerthon 2022" ,"Smart School" yarışmasında, İzmir Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən beynəlxalq Online VEX Robotics yarışmasında, Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi ilə "STEAM Azərbaycan" layihəsi çərçivəsində STEAM Azərbaycan Festivalında (SAF) uğurla iştirak ediblər.

Lalə Mehralı

Bütün xəbərlər Facebook səhifəmizdə