"Universitetlər hansı bölgəyə köçürülərsə, o ərazinin inkişafına töhfə verər" - MÖVQE BİLDİRİLDİ

"Universitetlər hansı bölgəyə köçürülərsə, o ərazinin inkişafına töhfə verər" - MÖVQE BİLDİRİLDİ

"Bəzi universitetlərin şəhərdən kənara çıxarılması məqsədəuyğun hesab oluna bilər". Bu sözləri təhsil məsələləri üzrə mütəxəssis, ictimai şəxs Elçin Əfəndi SİA-ya açıqlamasında deyib.

Onun sözlərinə görə, bu, tələbə sayının çox olduğu universitetlərə aiddir: "Buraya Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət İqtisad Universitetini aid etmirəm. Onların korpusları çoxdur. Nəzərə alsaq ki, İqtisad Universitetinin korpusları şəhər daxilindədir, BDU isə bir ərazidə bir neçə korpusdan ibarətdir, çox tələbə sayına sahibdir. Bu universitetlər istisna olmaqla, digərlərinin şəhər kənarına daşınmaları ola bilər. O şərtlə ola bilər ki, hər universitetin tələbə yataqxanası, kitabxanası, tələbələr üçün idman kompleksləri, tələbə şəhərciyi salınmalıdır. Universitetlərin reytinqində bu kimi amillərə də nəzər yetirilir. Biz bunu edəriksə, həmin universitetlər də reytinqə addım atmış olarlar".

Mütəxəssis sözlərinə belə davam edib: "Köçürmə həm də şəhərdə bir qədər sıxlığın, tıxac probleminin qarşısını almış olar. Eyni zamanda, universitet hansı qəsəbə, şəhər, rayon, bölgəyə köçərsə, həmin ərazinin də infrastrukturuna, ümumi inkişafına töhfə verər".

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə