İbtidai sinif müəllimlərinin Naxçıvan Forumu keçirilib

İbtidai sinif müəllimlərinin Naxçıvan Forumu keçirilib

Dekabrın 21-də Naxçıvan şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan ibtidai sinif müəllimlərinin Naxçıvan Forumu keçirilib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Forumda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli

çıxış edərək, Naxçıvanda ilk dəfə təşkil olunan forumun işinə uğurlar arzulayıb.

Fuad Nəcəfli bildirib ki, Forumda Heydər Əliyevin təhsil sahəsindəki əvəzsiz xidmətləri bir daha təhlil olunsun, bu sahədə müəyyənləşdirdiyi vəzifələr prioritetləşdirilərək əsas fəaliyyət istiqaməti kimi götürülsün.

Səlahiyyətli nümayəndə diqqətə çatdırıb ki, təhsilin inkişafı sahəsində ölkəmizdə qazanılan nailiyyətlər, formalaşan intellektual potensial dahi şəxsiyyətin müəllifi olduğu təhsil strategiyasının bəhrələridir. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təhsil quruculuğunu və insan kapitalının formalaşdırılmasını başlıca hədəf kimi müəyyənləşdirmişdir.

Fuad Nəcəfli vurğulayıb ki, hazırda muxtar respublikada bu reallıq düzgün dəyərləndirilir, təhsil islahatlarının əhatə dairəsi genişləndirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda təhsil sahəsində mühüm tədbirlərin müəyyənləşdirilməsi də bu məqsədə xidmət edir. Dövlət Proqramında yeni məktəb binalarının tikilməsi, əmək bazarının tələblərinə cavab verən müasir tipli peşə məktəblərinin yaradılması, ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin artırılması, təhsil sahəsi üzrə dövlət xidmətlərinin inkişaf etdirilməsi başlıca hədəf kimi götürülmüşdür. Artıq nəzərdə tutulan bir çox tədbirlərin icrasına başlanılıb ki, bütün bunlar da muxtar respublika təhsilinin inkişafında yeni mərhələnin əsasını qoyacaqdır.

Forumda Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini, təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Elxan Nəcəfov çıxış edərək, təhsilin gələcək prioritetləri, təhsilalanların sertifikasiya prosesinin təhsil sisteminin keyfiyyətinə təsirindən, təhsil sisteminin yaxşılaşması istiqamətindən bəhs edib.

Daha sonra Nazim Bababəyli, Aqil Kazımzadə və İltifat Bektaşi gələcəyimizin qayğısına qaldıqları üçün “Nəsib bəy Yusifbəyli” adına mükafatla təltif olunublar.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva, institutun müəllimləri Yulya Kərimova və Leyla Abbaslı müəllimlərin inkişafına dəstək olmaq, onları maarifləndirmək üçün maraqlı mövzularla çıxış ediblər. Spikerlərin çıxışları təhsilin önəmi, bununla bağlı atılan addımlar və müxtəlif yanaşmalarla bağlı olub, dinləyicilərin yeni, faydalı məlumatlar almasına kömək edib.

Milli Məclisin deputatı, Naxçıvan Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev və forumun təşkilat komitəsinə sədrlik edən “Çinar Yayımları” nəşriyyatının təsisçisi Bəhram Oruclu da fikirlərini bölüşüblər.

Forumda Azərbaycan Kitab, Maarif və Poliqrafçılar İctimai Birliyinin ilk dəfə təsis etdiyi “Maarifçi təqaüdü” birliyinin sədri Tural Axundov tərəfindən Naxçıvandan olan iki şəhid övladına təqdim olunub. İlk təqaüdçülər şəhid Sadiq Həsənovun qızı Lalə Həsənzadə və şəhid Elməddin Meydanovun oğlu Əli Meydanlı olub.

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə İSMF təşkilat komitəsi tərəfindən Təhsilverənlərin sertifikatlaşdırılması imtahanında 95 faizdən yüksək nəticə göstərən, təhsil sahəsində uğur qazanmış müəllimlərə “Uğur” mükafatını verib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Naxçıvan Gənclər Fondu, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, “Çinar Yayımları” nəşriyyatı, Azərbaycan Kitab, Maarif və Poliqrafçılar İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Təhsil Nəşriyyatı və “Everest” nəşriyyat evinin rəsmi tərəfdaşlığı ilə keçirilən forumda 900-dən çox Naxçıvan ibtidai sinif müəllimləri iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə