Universitetlərdə xarici dil ixtisasları üzrə təhsil alan tələbələrin ünsiyyət dilinə diqqət edilmir
Hər hansı bir dil üzrə təhsil alan tələbə o dilin bütün incəliklərini, dilin mənsub olduğu ölkənin mədəniyyətini və ədəbiyyatını öyrənməli, bütün öyrəndiklərini, eləcə də öz fikirlərini təhsil aldığı dildə asan ifadə etməyi bacarmalıdır. Dolayısı ilə, hansı dildə təhsil alırsa, o dili ana dili kimi danışmalıdır. Lakin bir çox halda balı yetdiyi ixtisası seçən tələbə təhsil aldığı dil üzrə ən primitiv bilgilərə də sahib olmur. Universitetin ingilis, alman və s. dil ixtisaslarında təhsil alan tələbələr dil biliyi almaq üçün əlavə repetitor köməyindən istifadə edir.
Təhsil eksperti Ramin Nurəliyev təklif edir ki, Azərbaycan Dillər Universitetində və digər universitetlərdə ingilis dili müəllimliyi ixtisası ilə tərcümə ixtisaslarında tələbələr arasında danışıqlar ingilis dilində aparılsın. Həmçinin universitetlər tələbələrə ingilis dilində danışmağı tövsiyə edərək bu yöndə təşviq etsin: "Bu gün bizim gənclərimizdə ən böyük problemlərdən biri də ingilis dilində danışıq məsələsidir. Düşünsək ki, bu dil beynəlxalq dildir və çox tələb olunur, buna görə də gənclərdə dil-danışıq bacarığını artırmaq lazımdır. Əlbəttə, qrammatika da lazımdır, amma bununla yanaşı danışıq dilini öyrənmək də mütləqdir. Çox təəssüflər olsun ki, hazırda ali təhsil ocaqlarının bir çoxunda buna diqqət edilmir. Xüsusilə də, bu ixtisasları tədris edən universitetlərdə buna diqqət ayrılmalıdır".
Ekspert bildirir ki, bununla yanaşı tədris ingilis dilində olan ixtisaslarda da danışıq dilinə üstünlük vermək lazımdır: "Bu ixtisaslar üzrə tədris aparan universitetlərin məzunlarının əksəriyyəti danışıq dilindən əziyyət çəkir və kurslara müraciət etmək məcburiyyətində qalır. Halbuki bizim əksər universitetlərdə bu imkanlar genişdir və bu təklifi etmək imkanları var. Ümidvaram ki, ali təhsil ocaqları bu təklifə müsbət yanaşacaq və danışıq bacarığını tətbiq etmək üçün səy göstərəcəkdir."
Valideyn İlahə Rəcəbova təhsil ekspertinin fikirləri ilə razıdır: "Gözəl və vacib təklifdir. Qızım 98 bal yığdı ingilis dilindən və səviyyəsi hal-hazırda B1-B2 aralığıdır. Danışa bilir, fikrini sərbəst çatdırır və biz bunu universitetdə yox, öz gücümüzə öyrənmişik. Ancaq bu bizə kifayət deyil. ADU, ingilis dili müəllimliyi ixtisasında təhsil alır və belə qərar aldıq ki, universitetdən istədiyimizi ala bilmədiyimizə görə, gələcək karyerası üçün yenidən, bu dəfə danışıq və bir çox sertifikatlar almaq üçün kənar müəllimə üz tutaq. Çünki düşünürəm ki, müəllim hərtərəfli olmalı, sənətinin incəliyini bilməlidir. Məktəblərdə ingilis dili müəllimlərinin böyük əksəriyyəti ingiliscə danışa bilmir. Ancaq düşünürəm ki, bu belə olmamalıdır, gələcəyin ingilis dili müəllimi təhsil aldığı ocaqda tam olaraq yetişdirilməlidir".
Universitetin ingilis dili müəllimi Elvir İsayev isə bildirir ki, bu sahədə problemlər coxdur: "Birinci, İngilis dili müəllimliyi fakültəsində Azərbaycan dilində danışmağa icazə verilməməlidir. İkincisi, dərslər qrammatika əsaslı yox, danışıq əsaslı davam etməlidir. Ən böyük problem isə İngilis dili müəllimliyi fakültəsinə tələbə qəbul edəndə birinci "Language proficiency" imtahanına girməli, B2 olarsa fakultəyə başlamasına icazə verilməlidir. Məsələn, mənim çalışdığım universitetdə butun ELT, ELL, TR (müəllimlik, ədəbiyyat, tərcümələr) tələbə əvvəlcə imtahana girir, sonra B2 alarsa biz dərsə icazə veririk. Əks halda 1 semestr və ya 2 semestr universitetin level artırma departamentinə gedib, 4 bacarıqdan B2 alıb dərsə qatılmağa haqq qazanır. Bunlar olmadığı müddətcə heç bir inkişaf ola bilməz".
Müəllim deyir ki, tələbə 650 balla qəbul olubsa, bu, onun savadlı tələbə olması demək deyil: "Bal ilə dilin qətiyyən heç bir əlaqəsi yoxdur. Dil ixtisaslarında 400 bal toplayan tələbə ilə, 650 bal yığan arasında heç bir fərq yoxdur, çünki bu texniki fənn deyil ki, biri cox, biri az bilə. Ya da, digər fənlərdən yüksən bal toplayan tələbə ingilis dilindən yaxşı nəticə verəcək deyə bir şey də yoxdur. Olar ki, tələbə 400 bal yığar, amma sırf dil üzərində işləyər və çox mükəmməl müəllim olar. Yəni, dil ixtisaslarında bal önəmli deyil, əsas önəmli olan, dili nə qədər sevir, dilə nə qədər vaxt ayırır və həyatının neçə faizi dildir".
Lalə Mehralı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB