“Pandemiya bütün dünyanın təhsil sisteminə öz mənfi təsirini göstərdi” - EKSPERT ŞƏRH ETDİ

“Pandemiya bütün dünyanın təhsil sisteminə öz mənfi təsirini göstərdi. Biz ənənəvi təhsildə əldə olunacaq bilik və bacarıqları pandemiya dövründə itirdik. Etiraf edək ki, xüsusilə texniki və təbiət fənlərinin tədrisində müəyyən problemlər ortaya çıxdı”. Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.

Ekspert bildirib ki, təhsilin əlçatanlığı baxımından pandemiya təhsilə böyük zərbə vurdu: “Hətta dünyanın inkişaf etmiş ölkələrində belə bu istiqamətdə geriləmələr müşahidə edilir. Lakin pandemiyanın Azərbaycan təhsili üçün müsbət təsirləri də oldu. Bu gün müasir dövrün çağırışlarından biri tədris prosesində elektron resurslardan istifadə, elektron avadanlıqların tədris prosesində təşkilidir. Yəni dərs prosesində kompyuter, planşetdən istifadə etmək, elektron resursların hazırlanması, onlayn rejimdə təhsilin təşkil edilməsi çox vacib məqamlardır.

2009-cu ildə qəbul olunmuş təhsil haqqında qanunda təhsilalma formalarından biri kimi distant təhsil nəzərdə tutulsa da, biz buna o qədər də ehtiyac duymurduq. Lakin pandemiya bizə məcburi şəkildə məsafədən tədrisi öyrətmiş oldu. Xüsusən bu mənada elektron resursların həcmi genişləndi".

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə