Hansı hallarda xarici diplomlar Azərbaycanda tanınmır? - EKSPERT AYDINLIQ GƏTİRDİ

"Diplomların tanınmaması ilə bağlı problemlə qarşılaşanların sayı təkcə bizim ölkəmizdə deyil, dünyada da çoxdur. Bunun səbəbi abituriyentlərin xaricdə təhsil məsələsini əvvəlcədən yaxşı araşdırmamalarıdır. Hər hansı universitetə oxumağa gedən abituriyent Təhsildə Keyfiyyət Təminatı Agentliyi vasitəsilə diplomları Azərbaycanda tanınan universitetlərin siyahısı ilə tanış olmalıdır. Abituriyentlər bu barədə məlumatlı olsalar, diplomu ölkəmizdə tanınmayan universiteti seçməyəcəklər. Mütləq hansısa formada araşdırma aparmalı, əlaqədar qurumların saytlarına baxmalı, informasiya əldə etməlidirlər”. Bu sözləri SİA-ya təhsil eksperti Qoşqar Məhərrəmov deyib.

Ekspertin sözlərinə görə, diplomları tanınmayan bir qisim abituriyentlər də var ki, ali məktəbdən qəbul alsalar da, universitetdə normal təhsil almayıblar: “Onlar dərsə getməyiblər, asan yolla məzun olublar. Onların pasportunda ölkədən giriş-çıxışla bağlı qeydlər olsa da, müsahibə zamanı kəsilirlər. Agentlik məzundan tələb edir ki, təhsil aldığı ölkənin dilində danışsın. Bu zaman şübhələr meydana çıxır. Tələbə Ukraynada, Rusiyada, Gürcüstanda təhsil aldığı ali məktəbin proqramının və tədrisinin dilini bilmirsə, prosedurdan keçə bilməyəcək. Ona görə də, tələbələr ayıq-sayıq olmalı, əvvəldən araşdırma aparmalıdırlar. Bu şərtlərə əməl edəcəkləri təqdirdə, heç bir problemlə qarşılaşmayacaqlar”.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə