"Məktəb leksikonundan "Fond pulu" sözü çıxarılmalıdır" - EKSPERT TƏNQİD ETDİ
"Məktəb leksikonunda, məktəb lügətində, məktəbşünaslıq terminlərindən fond pulu kimi detallar çıxarılmalıdır. İndi guya bunu yeni adla ianə fondu adlandırırlar. Birdəfəlik məktəb anlayışı ilə fond pulu anlayışının uyğun gəlmədiyi diqqətə çatdırılmalıdır". Bu sözləri SİA-ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyib.
Elmin Nuri sözlərinə belə davam edib: "Uzun illərdir ki, biz bu məsələni müzakirə edirik, məktəblərdə yarı az, yarı çox fond söhbətləri bitmək bilmir və bu neqativ hal kimi göstərilir. Bu günlərdə bu səbəblərdən məktəb direktorları cəzalandırılıb. Bu gün məktəb bir təfəkkür ocağı, bir sosiallaşma mühiti, tədris mühiti kimi öz nüfuzunu onsuz da itirib. Cəmiyyətimizin reallığı ilə barışmaq lazımdır. Məktəb tədrisverən qurumdan çox, ali məktəblərə uşaq hazırlaşdıran, repetitorlara uduzan bir qurumdur. Təəssüf ki, məktəbin mahiyyəti belə olmamalıdır.
Məktəbi nüfuzdan salan tək bu deyil. Məktəbi nüfuzdan salan məsələlərdən biri də məhz bu kimi detallardır: Fond pulu və ianə fondu yığışdırılmalıdır. Dövlət məktəbləri bu gün dövlət tərəfindən maliyyəşən rəsmi qurumlardır. Dövlət şagirdlərin xüsusi təhsil alması üçün müəllimlərə maaş ödəyir. İnzibatçılara maaş ödəyir. Artıq bu kimi detallar, müəyyən məsələlər yerli yatağında öz həllini tapmalıdır.
Pul amilinin olduğu bir yerdə, demirəm bu həmişə qeyri-şəffaf yollarla yığılır. Elə olur ki, doğrundan da, real qaydalarla, lazımi əsaslarla pul yığılır və vacib məsələlərə xərclənir. Buna sözümüz yoxdur, bunun tərəfdarı deyilik, çünki bu yalnız istisna nümunələrdir.
Biz bu fond pulu anlayışını unutmalıyıq. Məsələnin sosial tərəfindən çox, təfəkkür tərəfi məni maraqlandırır. Bu yanaşmanı artıq özümüzdən uzaqlaşdırmalıyıq. Yanaşmanı uzaqlaşdırsaq, məsələ sosial tərəfdən də öz həllini tapacaq. Bu gün valideyn öz təfəkküründə fond pulu anlayışını qəbul etməməlidir. Fərqi yoxdur, onun maddi imkanı var, ya yoxdur. Bu gün müəllim, direktor öz təfəkküründə fond pulu anlayışını qəbul etməməlidir. Psixoloji olaraq qəbul etməmək məsələni öz axarına gətirib çıxaracaq".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB