İspaniyanın məşhur memarları və memarlıq şirkətlərinin rəhbərləri Azərbaycan Memarlıq və İnşaat Universitetinə (AzMİU) səfər ediblər. SİA xəbər verir ki, “F-Holding”in təşkilatçılığı ilə reallaşan səfər heyətində “Bilbao Architecture Team”in (BAT) təsisçisi Xabier Arranz, BAT-ın tərəfdaşları Juan Miguel Rioboó Fuentes və Peru Canada, “Fundación Metropoli”nin London Şəhər Laboratoriyasının direktoru Naiara Vegara, “Ortiz Leon Arquitectos”un həmtəsisçisi Iñigo Ortiz, ETSASS-ın baş memarı Jaime Otegui təmsil olunublar.
AzMİU-nun rektoru, memarlıq doktoru Gülçöhrə Məmmədovanın qonaqlarla görüşü keçirilib. Görüşdə Azərbaycan Memarlar İttifaqının sədri professor Elbay Qasımzadə, “F-Holding”in təsisçisi, İspaniyadakı Azərbaycan diasporunun tanınmış simalarından olan Fərid Mustafayev, AzMİU-nun rəhbərliyi, memarlıq təhsili üzrə professor-müəllim heyəti və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Görüşdə bir sıra istiqamətlər üzrə əməkdaşlıq məsələləri müzakirə olunub və AzMİU ilə “F-Holding” arasında anlaşma memorandumu imzalanıb.
Memorandumu AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova və “F-Holding”in direktoru Fərid Mustafayev imzalayıblar.
Dövlət-özəl əməkdaşlığına əsaslan memorandumda xarici mütəxəssislərin AzMİU-da Memarlıq fakültəsində tədrisə, müxtəlif proqramlara, ustad dərslərinə cəlb olunması, konfrans və konqreslərin keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, birgə layihələrin işlənilməsi, xüsusilə gələcəkdə ispan memarların da iştirakı ilə işğaldan azad olunmuş ərazilərlə bağlı layihələrin işlənilməsi planlaşdırılır.
İmzalanma mərasimindən sonra qonaqlar AzMİU-nun Memarlıq fakültəsində olublar. Onlar burada dərslər, tələbələrin layihələri və ümumilikdə tədris prosesi ilə tanış olublar. Əcnəbi memarlar azərbaycanlı həmkarları ilə müzakirələr aparıb, Azərbaycan və İspaniyada memarlıq ali təhsili üzrə ortaq və fərqli cəhətləri qeyd ediblər.
Daha sonra ispan memarların Memarlıq fakültəsinin müəllim və tələbələri üçün təqdimatları təşkil olunub.
Təqdimatlarda əcnəbi memarlar özlərinə məxsus məşhur layihələri, həmin layihələrin elmi-nəzəri, həmçinin praktiki aspektləri haqqında geniş məlumat veriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə