"Sağlam ailə olmadan sağlam cəmiyyət mümkün deyil" - Firudin Qurbanov

"Sağlam ailə olmadan sağlam cəmiyyət mümkün deyil. Dövlətin gələcəyi cəmiyyətdə uşaqların, gənclərin formalaşmasından asılıdır. Əgər bugünkü gündə gəncləri düzgün şəkildə yetişdirə bilməsək, dövlətin uğurlu inkişafını təmin edə bilmərik. Müasir reallıqları nəzərə alsaq, elə gənclər formalaşdırmalıyıq ki, onlar dövlətin müdafiəsini qorumağa qadir olsun. Bu baxımdan Elm və Təhsil Nazirliyi lazımi tədbirləri görür. Lakin uşaq ilk növbədə ailədə formalaşır”. SİA xəbər verir ki, bu sözləri Milli Məclisdə ailə sağlamlığı ilə bağlı keçirilən ictimai dinləmədə elm və təhsil nazirinin müavini Firudin Qurbanov deyib.

“Ailə ənənələrini, milli mənəvi dəyərlərimizi, mədəniyyətimizi uşaqlara düzgün aşılamaq lazımdır. Hər bir insanı xarakterizə edən onun mədəniyyətidir. Yüksək mədəniyyətə sahib insan ailəsini də, vətənini də sevəcək. Bəs, bu gün həmin dəyərləri nə dərəcədə qoruyub saxlaya bilirik? Elmi araşdırmalar göstərir ki, ailə institutunda böyük problemlər var. Uşaqlar valideynlərdən deyil, daha çox öz yaşıdlarından təsirlənirlər. Ailə institutuna çox böyük təsirlər var. Alimlər bunun qarşısını almaq barədə düşünürlər. Son zamanlarda ailə institutu acınacaqlı vəziyyətdədir. Gələcəkdə bu istiqamətdə tədbirlər görülməsə, çox böyük problemlər yarana bilər”,- deyə o əlavə edib.

Ləman Sərraf

Bütün xəbərlər Facebook səhifəmizdə