"Bu universitetdə ciddi struktur dəyişikliklərinin şahidi oluruq" - EKSPERT FİKRİ

“Bakı Mühəndislər Universiteti Azərbaycanın əmək bazarında bir sıra ixtisaslar, xüsusilə də mühəndislik sahəsi üzrə çox ciddi mütəxəssis hazırlığını öhdəliyinə götürmüş universitetdir. Amma etiraf edək ki, son 5 ilin ali təhsil müəssisələrinə qəbul nəticələrinə baxsaq görürük ki, I ixtisas qrupunda həmin universitetə o qədər də meyil etməyiblər. Daha çox Baki Ali Neft Məktəbi, BDU, UNEC və s. üstünlük verilirdi və bunun bir neçə səbəbi var idi. Məsələn, Bakı Mühəndislər Universitetinin Bakıdan kənarda yerləşməsi oranı seçənlərin sayını azaldırdı”. Bu sözləri SİA-ya açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov deyib.

Ekspert bildirib ki, son iki-üç ay ərzində isə həmin universitetdə ciddi struktur dəyişikliklərinin şahidi oluruq: “Bu mənada İNHA proqramı xüsusi olaraq vurğulanmalıdır. Çünki bu Koreya ilə birgə əməkdaşlığa söykənən proqramdır. Məhz bu proqram çərçivəsində ikili diplom alan tələbələrimiz əmək bazarına yüksək ixtisaslı mütəxəssis kimi daxil ola bilirlər. Hətta biz əmək bazarının təhlilini aparanda görürük ki, bu ixtisas üzrə məzun olanların yüksək gəlirli işlərə cəlb olunmasının faizi daha yüksəkdir.

Ümumilikdə Cənubi Koreyada bu ixtisas üzrə mütəxəssislər daha çoxdur və bu universitetlər arasında görüşlər, ikili diplom proqramları Azərbaycanda rəqabətədavamlı və dayanaqlı iqtisadiyyatın formalaşmasına öz müsbət təsirini göstərəcək. Bu gün Azərbaycanda mühəndislər, kompyuter mühəndisliyi, informasiya texnologiyaları və digər sahələr üzrə mütəxəsisslərə ehtiyac var. Bakı Mühəndislər Universitetində isə bu istiqamətdə kifayət qədər potensial mövcuddur. Bu mənada qarşılıqlı görüşlər Azərbaycana öz müsbət töhfəsini verəcək və ölkədə yüksək ixtisaslı mütəxəssislərin yetişməsinə müsbət təsir göstərəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə