“Məktəbin vəzifəsi öz yetirmələrini müstəqil həyata hazırlamaqdır" - AYDINLIQ GƏTİRİLDİ

“İstər buraxılış, istərsə də ali təhsil müəssisələrinə qəbul imtahanları ərəfəsində müəyyən proqnozlar verilir, ayrı-ayrı ixtisas qrupları üzrə neçə abituriyentin iştirak etməsi, imtahanın neçə şəhər və rayonda, neçə zalda təşkil olunması, bu prosesə neçə imtahan rəhbərinin, nəzarətçi müəllimin təyin olunması, neçə nəfərdə mobil telefon, “ağıllı” cihaz və yaxud digər əşyaların aşkarlanması, bu və digər səbəblərdən neçə nəfərin imtahandan xaric edilməsi və nəticələrin ləğvi barədə məlumatlar yayılır”. Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Nadir İsrafilov deyib.

Onun sözlərinə görə, Dövlət İmtahan Mərkəzi tərəfindən imtahan nəticələrinin yaxın 2 gün ərzində, imtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması barədə xəbərdarlıqlar edilir: ”Bütün bunlar geniş ictimaiyyətin maraqlı tərəflərinin məlumatlandırılması və maarifləndirilməsi, habelə təhsilin statitistikası baxımından nəinki lazımdır, hətta vacibdir. Lakin, imtahanlar başa çatmamış, nəticələr tam elan olunmamış şəxsi mülahizələrə əsaslanan fikirlər söyləməklə ümumi ictimai rəy formalaşdırmaq əlbəttə ki, cəmiyyət üzvləri arasında çaşqınlıq yaratmaqdan başqa bir şey deyildir. Hansısa ildə maksimal bal toplayanın 1 və 2 nəfər olması, 700 ballıq göstəriciyə nail olunmaması təhsilin keyfiyyətinin aşağı düşməsi barədə konkret fikir söyləmək üçün əsas ola bilməz. Təhsilin keyfiyyəti bir ildə yüksələ bilmədiyi kimi, bir ildə aşağı da düşə bilməz. Göstəricilərin enib-qalxması bir sıra səbəblərlə şərtlənir ki, bunları da sadalamağa ehtiyac görmürəm.

Məktəbin vəzifəsi öz yetirmələrini müstəqil həyata hazırlamaqdır. Ümumtəhsil məktəbinin məqsədi yetirmələrinə sistemli bilik, bacarıq və vərdişlər aşılamaq, hərtərəfli və ahəngdar inkişaf etmiş şəxsiyyətyönümlü vətəndaş yetişdirməkdir. Mütəxəssis hazırlamaq isə bilavasitə ali təhsil müəssisələrinin vəzifəsidir. Bir mühüm məqamı da unutmayaq ki, məktəb öz yetirmələrinə lazımi bilik, bacarıq və vərdişlər aşılamaqla yanaşı, həm də cəmiyyət üçün fiziki və mənəvi cəhətdən sağlam nəsil yetişdirməyin qayğısına qalmalıdır. Göstəricilərin qənaətbəxş olması məzunun topladığı balla deyil, onun həyatda tuta biləcəyi mövqe ilə, Vətənə, xalqına layiqli vətəndaş kimi yetişəcəyi ilə ölçülməlidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə