Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin (MEMİM) təşkilatçılığı, Qarabağ Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Qarabağ bölgəsində “Mədəniyyət rüzgarı” adlı silsilə tədbirlərə başlanılıb. MEMİM-dən SİA-ya bildirilib ki, “Sənətkarın dostu” layihəsi çərçivəsində Xankəndi şəhər Qarabağ Universitetinin İncəsənət fakültəsində Əməkdar incəsənət xadimi, ustad xanəndə, pedaqoq Aqil Məlikovla görüş keçirilib.
Tədbirdə çıxış edən fakültənin dekanı, bəstəkar Türkər Qasımzadə maarifləndirici layihələrin müəllim və tələbələr üçün önəmini vurğulayıb.
Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktor vəzifəsini icra edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov sürətlə dirçəldilən Qarabağın mədəni həyatında MEMİM-in də payının olmasından məmnunluğunu dilə gətirib.
Görüş MEMİM-in əməkdaşı Ləman Eyyubovanın moderatorluğu ilə davam edib. Aqil Məlikov Azərbaycan klassik xanəndəlik məktəbləri, müxtəlif muğam və dəstgahlarda qəzəllərin ifa üçün düzgün seçilməsi, gənc ifaçıların həm ixtisas, həm də nəzəri baxımdan maarifləndirilməsi kimi məsələlərdən söz açıb.
İnteraktiv formatlı görüşdə İncəsənət fakültəsinin müəllimləri tarda Bəhruz Zeynalovun, kamançada Fərid Babayevin, nağarada tələbə İlqar Süleymanlının müşayiəti ilə bu fakültədə təhsil alan Xədicə İsmayılova “Mahur-hindi”, İsmayıl İsmayılov isə “Rahab” muğamlarını səsləndiriblər.
İncəsənət fakültəsinin müəllimlərindən Əməkdar artistlər Səbuhi İbayev, Fehruz Məmmədov (Səxavət) və Ehtiram Hüseynov, həmçinin xanəndə Səbinə Ərəbli müxtəlif ifalar təqdim ediblər.
Tədbir sual-cavab formasında davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə