AMEA-nın 80 illik yubileyinə hazırlıq və qarşıda duran vəzifələr müzakirə olunub

Rəyasət Heyətinin iclasında AMEA-nın 80 illik yubileyinə hazırlığın gedişi və qarşıda duran vəzifələr müzakirə olunub. Bu barədə SİA-ya AMEA-dan məlumat verilib. Məsələ ilə bağlı çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bildirib ki, Prezident İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” Sərəncamının icrasını təmin etmək məqsədilə noyabrın 4-də yekun yubiley tədbiri keçiriləcək. Akademik İsa Həbibbəyli yekun yubiley tədbirində 21 ölkənin akademiyasından 42 nümayəndənin iştirak edəcəyini, həmin günlərdə onların iştirakı ilə Akademiya Muzeyinin açılacağını, həmçinin AMEA-nın Nadir Ağaclar Parkında ağacəkmə aksiyasının, eləcə də “Yanardağ” Qoruğuna gəzintinin təşkil olunacağını söyləyib. Qeyd edib ki, noyabrın 5-də isə Türk dünyasının Elmlər Akademiyalarının iştirakı ilə görüş keçiriləcək və Birinci Türkoloji Qurultayın 100 illiyi ilə bağlı təklif və tövsiyələr hazırlanacaq.

Akademiyanın 80 illik yubileyi ilə bağlı hazırlanan nəşrlər barədə məlumat verən akademik İsa Həbibbəyli diqqətə çatdırıb ki, “Elm” nəşriyyatı tərəfindən bir sıra nəşrlər – “Azərbaycan Milli Elmlər Akademiyası: Heydər Əliyevdən İlham Əliyevə”, “Azərbaycan Milli Elmlər Akademiyası XX əsrdə tarixi zərurətdən yarandı”, “Azərbaycan Milli Elmlər Akademiyası yeniləşmə və islahatlar yollarında” kitab və monoqrafiyalar, ikicildlik “Azərbaycan Milli Elmlər Akademiyası. Simalar”, “Azərbaycan Milli Elmlər Akademiyası. Tanıtma kitabı”, AMEA-nın təsisçiləri, eləcə də digər görkəmli həqiqi və müxbir üzvlərinin biblioqrafiyaları, “Elm və həyat” jurnalının xüsusi buraxılışı və s. olmaqla, ümumilikdə 50-yə yaxın nəşrin hazırlanması nəzərdə tutulub. Akademik İsa Həbibbəyli bildirib ki, bu nəşrlər akademiyanın keçmişini və bu gününü, əldə etdiyi nailiyyətləri gənc nəslə, eləcə də AMEA-nın yubileyi ilə bağlı ölkəmizə gələcək qonaqlara təqdim etmək baxımından xüsusi əhəmiyyət kəsb edir.

İsa Həbibbəyli qeyd edib ki, bu nəşrlər AMEA-nın 80 illik yubileyinə həsr olunmuş elmi nailiyyətlər sərgisində ölkə və beynəlxalq elmi ictimaiyyətə təqdim ediləcək. Həmçinin tədbir çərçivəsində peşəkar mütəxəssislər tərəfindən hazırlanmış və AMEA-nın fəaliyyətini əks etdirən xüsusi videoçarx nümayiş olunacaq.

AMEA rəhbəri yekun yubiley tədbirinin elmi və təşkilati baxımdan mükəmməl hazırlanmasının yubiley çərçivəsində qarşıya qoyulan əsas vəzifələrdən biri olduğunu deyib və müvafiq tapşırıqlarını verib.

Bütün xəbərlər Facebook səhifəmizdə