Növbəti ilin büdcə layihəsi iqtisadi inkişafdan xəbər verir - TƏHLİL

Növbəti ilin büdcə layihəsi iqtisadi inkişafdan xəbər verir - TƏHLİL

Artıq parlamentə təqdim olunan 2023-cü ilin dövlət büdcəsinin bir neçə parametrləri diqqəti cəlb edir. Qarşıdan gələn il büdcənin gəlirləri 30,7 milyard, xərcləri isə 33,3 milyard manat proqnozlaşdırılır, hansıki bu, Ümumi Daxili Məhsulun 31,5 faizi həddindədir. Bununla belə, gələn ilin büdcəsində nəzərdə tutulanlar xalqımızın, dövlətimizin maraqları baxımından çox təqdirəlayiqdir.

Xüsusilə diqqətə çatdırmaq yerinə düşərdi ki, qarşıdan gələn ildə ölkəmizin müdafiə potensialının möhkəmləndirilməsi üçün xərclərin strukturunda dəyişiklik, daha dəqiq desək, artım nəzərə çarpır. Beləki, 2023-cü ildə müdafiə potensialımızın möhkəmləndirilməsi məqsədi ilə 5,3 milyard manat ayrılması nəzərdə tutulub və nəzərə alsaq ki, cari ildə həmin xərclər 5 milyard 85 min olub, deməli bəlli olur ki, növbəti ildə bu rəqəmin 215 milyon manat artırılacağı nəzərdə tutulub. Faizlə qeyd etmiş olsaq, gələn il ölkəmizin müdafiə potensialının möhkəmləndirilməsi üçün xərclər 4,6 faiz armış olacaq və bu heç də təsadüfi deyil.

Sözsüz ki, ölkəmizin müdafiə potensialının möhkəmləndirilməsi üçün xərclərin artırılması əbəs yerə deyil, məqsədli xarakter daşıyır. Doğrudur, qonşu dövlət, işğalçı ölkə olan Ermənistan nə qədər hərbi xərclərini artırsa da, nə qədər silahlanmaya və hərbi gücünün artırılmasına vəsait ayırsa da, ölkəmizin mövcud hərbi qüdrəti ilə müqaisə belə oluna və hərhansı müstəvidə Azərbacanla yarışa girə bilməz. Amma etiraf edək ki, düşmən hədsiz dərəcədə hiyləgərdir və bundan sonra hansı əməllərə əl atacağı, hansı fitnələr törədəcəyi barədə qabaqcadan heç bir proqnoz vermək olmaz. Elə bu baxımdan da Azərbaycan işğalçı dövlət olan Ermənistanla hərbi xərclər, hərbi potensial, müdafiə potensialı baxımından kəskin şəkildə üstünlüyünü qorumalıdır.

Eyni zamanda, ölkəmizin müdafiə potensialının möhkəmləndirilməsi məqsədi ilə xərclərin strukturunda dəyişiklik, yəni artım həm də mesaj olaraq qəbul edilir. Bəzi qüvvələrin hələ də revanşist ideyaları cücərtmək cəhdləri göz önündədir və belə bir artım həmin pozucu qüvvələr üçün lazımlı mesaj sayılır. Düşmənin psixoloji cəhətdən də baş qaldırmasının qarşısının alınması üçün bu mesajın böyük əhəmiyyəti var və bu danılmazdır. Çünki sülh istəyən dövlətin öz hərbi qüdrətini artırmalı olduğu öz təsdiqini çoxdan tapıb. Düşmən öz qarşısında güclü və daha da güclənməkdə olan rəqibini gördükdə xam xəyallara, məsələn revanş kimi hansısa istəyə düşə bilmir, baxmayaraq ki, bu fikir çoxdandır işğalçı ölkədə dövriyyəyə buraxılıb və uğursuzluğu da göz önündədir. Səbəb isə təbii ki, ölkəmizin hər bir sahə olduğu kimi, müdafiə potensialının da möhkəmləndirilməsidir. Əlbəttə, görürük ki, bütün bunlar, təhlükəsizliyimizin təminatı, ərazi bütövlüyümüzün mühafizəsi baxımından olduqca əhəmiyyətlidir və bu səbəbdən də gələn ilin büdcəsində artım edilib.

Heç şübhəsiz ki, ərazi bütövlüyümüzün, təhlükəsizliyimizin təminatı ilə yanaşı, dövlətimiz sosial layihələrə də xüsusi yer verir. Ölkəmizin büdcəsinin sosial xarakterli olduğu son illərdə öz təsdiqini tapıb. Vətəndaşlarımız ölkəmizdə sosial laihələrə nə qədər diqqət ayrıldığının fərqindədirlər. İndi həmin sosial layihələri nə sadalamaqla bitməz, nə də bunu bilməyən oxdur ki, sadalamağa da ehtiyac olsun. Məhz bu ənənə yenə də davam etdirilir və növbəti ildə də sosial layihələrə xüsusi yer arılıb və hətta cari illə müqaisədə daha artıq vəsait ayrılır. Beləki, 2023-cü il üzrə dövlət büdcəsinin sosial yönümlü xərclərində bu illə müqayisədə 9,2% artım var. Gələn ilin büdcəsində sosial xərclərin 40 faiz təşkil edəcəyi nəzərdə tutulur ki, bu da dövlətimizin sosial yönümlü siyasətini davam etdirdiyini isbatlayır.

Unutmaq lazım deyil ki, bütün dünya iqtisadiyyatı üçün üzümüzə gələn il heç də nikbin proqnozlar vəd etmir. Uzun zamandır ki, qlobal böhran barədə bütün dünya həyəcan təbili çalır və dünya düzənində baş verən proseslər, xüsusən də Rusia ilə Ukrayna arasında davam edən müharibə, bu səbəbdən enerji resurslarının, təbii qazın və digər resursların ruslar tərəfindən Qərbə ötürülməməsi, ümumiyətlə logistikanın belə pozulması növbəti ildə daha kəskin şəraitin olma ehtimalını artırır. Bir sözlə, gələn il bütün dünya üçün ağır keçə bilər, çünki planetin müxtəlif xarakterli böhranlarla üzləşə biləcəyi gözləniləndir. Enerji təhlükəsizliyi ilə yanaşı, ərzaq təhülkəsizliyi də dünyanı narahat edir. Təkcə taxıl tədarükü məsələsi belə heç də yüngül məsələ deyil. Ələlxüsus, dünyanın ən çox taxıl ixracatçısı olan Ukrayna və Rusiyanın həmin strateji kənd təsərrüfatı məhsulunu ixrac etməməsi, yaxud ixrac edə bilməməsi bütün dünya üçün çətinliklər deməkdir. Yəni, bütün dünya gələn ildə çətinliklərlə qarşılaşa biləcəyi ilə barışıb və bütün dünyanın belə bir çətin durumda olması fonunda Azərbacanın gələn ildə sosial yönümlü layihələrə büdcə məsələsində yer ayırması və bunu cari ildəkindən də artıq nəzərdə tutması xüsusi diqqət çəkən məqamdır. Əvvəla, bu məqam ölkəmizin iqtisadi potensialından, gücündən, qüdrətindən xəbər verir. Digər tərəfdən də dövlətimizin öz vətəndaşlarına diqqətini, vətəndaş amilinin birinci yerdə durduğunu təsdiqləyir.

Qeyd etdiyimiz kimi, dünya iqtisadiyyatı özünün demək olar ki, ən çətin dövrünü yaşayır. Qlobal böhran özünü göstərir və bu fonda üstəlik, ərzaq təhlükəsizliyi də bütün dünyanı narahat edir, ölkələr artıq xarici amillərdən asılılıqdan çəkinirlər. Sözsüz ki, daxili istehsalın artırılması, ələlxüsus kənd təsərrüfatı məhsullarına olan tələbatın daxili istehsal hesabına təmin olunması bu məqamda ən doğru addımdır. Məhz bütün bunlar nəzərə alınaraq, gələn ilin dövlət büdcəsində kənd təsərrüfatının inkişafı üçün olan xərclər bu illə müqayisədə düz 20,5% artırılıb ki, bu rəqəm çox ciddi artım deməkdir. Nəzərə almaq lazımdır ki, 30 ilə yaxın işğal altında saxlanılan ərazilərimiz artıq işğaldan azad edilib və həmin ərazilərdə kənd təsərrütı üçün yararlı torpaqların istifadəsi, əkilib-becərilməsi məqsədə uğundur və sözsüz ki, tələbatın daxili resurslar hesabına ödənilməsi baxımından əvəzsizdir. İndi həmin ərazilərin minalardan təmizlənməsinin ardınca əkilib-becərilməsi kənd təsərrüfatı məhsullarına olan tələbatın ödənilməsinə öz müsbət təsirini göstərəcəkdir. Bu baxımdan gələn ilin büdcəsində kənd təsərrüfatının inkişafı üçün xərclərin artırılması ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində ən doğru, ən düzgün addımdır.

Diqqəti çəkən daha bir incə, həm də maraqlı məqam da var. Məsələ burasındadır ki, 2023-cü ildə büdcə gəlirlərinin 53 faizi, yəni 16 milyard 297 milyon manatı neft sektorunun, 47 faizi, yəni 14 milyard 423,7 milyon manatı qeyri-neft sektorunun payına düşəcək. Bu isə ondan xəbər verir ki, qeyri-neft sektoru artmaqdadır və yaxın gələcəkdə neft sektoru ilə bərabər, hətta ondan da artıq olacaq. Bir sözlə, aparılan məqsədyönlü siyasət artıq ölkənin neftdən asılılığını minimuma endirməkdədir. Növbəti il üçün nəzərdə tutulan büdcə, əslində ölkəmizin doğru yolda olduğunu, dövlətimizin həmçinin düzgün iqtisadi siyasət apardığını, Azərbacanın günü-gündən, ildən-ilə inkişaf etdiyini təsdiqləyir, iqtisadi inkişafdan xəbər verir. Təsdiq edir ki, ən yaxın zamanda daha böyük uğurlara imza atılacaq, daha geniş, daha sürətli inkişafa nail olunacaq və bu, hər birimizi daha da ruhlandırır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə