Turizm çox vacib bir sahədir və bəzi inkişaf etmiş ölkələrin belə iqtisadiyyatında əhəmiyyətli rol oynayır, çünki turizm sektoru kifayət qədər gəlir gətərə bilir. Bu baxımdan turizmin inkişafına bütün dünyada xüsusi diqqət yetirilir və bu sektor daim maraq dairəsindədir. Ölkəmizdə də turizm sektorunun daha da inkişaf etdirilməsi prioritet məsələ hesab olunur və bu istiqamətdə, yəni turizmin inkişaf etdirilməsi istiqamətində proqramlar həyata keçirilir, əməli işlər görülür, addımlar atılır.
Doğrudur, koronavirus pandemiyasının turizm sektoruna ciddi zərbə vurduğu sirr deyil və ölkələr arası sərhədlərin bağlanması turizm üçün heç də arzuolunan nəticələrə gətirib çıxara bilməzdi. Həqiqətən belə də oldu və pandemiya dövrü turizm sektoruna ciddi zərbə vurmaqla da yadda qaldı. Qapanmalar hətta daxili turizmə belə çox böyük ziyan vurdu. Vətədaşlarımızın ölkə daxilində belə regionlara gediş-gəliş məsələləri məhdudlaşdırıldığı zaman daxili turizm haqda danışmağa da dəyməzdi və belə bir şəraitdə turizm əlbəttə ki, inkişaf edə bilməzdi. Əksinə, bütün dünyada olduğu kimi, ölkəmizdə də turizm sektoru özünün ən passiv dövrünü keçirdi.
Artıq pandemiya da, qapanmalar da geridə qalıb və insanlar azad şəkildə hərəkət edə, səfərə çıxa bilir və bu da ələlxüsus turizmin inkişafı üçün ən vacib şərtdir. Belə olan halda Azərbaycanda turizmin inkişafı üçün heç bir əngəl qalmır və ölkəmizdə turizm sektorunun inkişafına ümidləri artırır. Hazırda sözügedən sektorda canlanmanı da müşahidə etməmək mümkün deyil və turist axınının artıq nəzərəçarpacaq dərəcədə artdığı göz qabağındadır. Düzdür, indiki halda istər dünyada, istərsə də ölkəmizdə turizm sektorunun vəziyyətini 2019-cu ilin sonuna qədərki dövrlə müqaisə etmək olmaz, çünki bunu düşünmək belə hələ çox tezdir və bunun üçün müəyyən müddət gərəkir. Ona görə ki, gediş-gəlişin, qapanmaların ardınca nə qədər optimal şərait yaransa belə nəticələrin qeyd olunan zamana qədərki dövrə dərhal çatması mümkün deyil. Onu da qeyd edək ki, əgər bu şəkildə davam edərsə, yəni pandemiya bir daha ortaya çıxmazsa, məhdudiyyətlə, qapanmalar tətbiq olunmazsa ən yaxın zamanda turizm sektorunda yeni inkişaf mərhələsinə, hətta ən yüksək göstəricilərə ümid etməyə dəyər.
Qlobal müstəvidə ziddiyyətli proseslərin getməsi bütün dünyada turizm sektorunun bahalaşmasına gətirib çıxarıb və hətta ölkələr arasında əlaqələrin arzuolunmaz vəziyyətə gəlməsi də turizmə təsirsiz ötüşməyib. Geosiyasi və geoiqtisadi münasibətlərin gərginləşməsinin bütün dünyada turizm üçün çətinliklər yaratdığı da danılmazdır. Məsələn, Rusiya artıq sanksiyalara məruz qalıb və belə bir şəraitdə həmin ölkənin turizm potensialından, bu ölkə vətəndaşlarının turizm zonalarına çıxışından danışmağa da dəyməz. Amma bu vəziyyət heç də ölkəmiz üçün çətinliklər demək deyil, əksinə, əgər Rusiya vətəndaşlarının turizm zonalarına istiqaməti məhdudlaşdırılıbsa, əslində belə bir şəraitdən, yəni belə demək mümkünsə, fürsətdən istifadə etmək də olar. Beləki, istər Rusiyaya gedən, istərsə də Rusiyadan olan turistlər ölkəmizə cəlb edilə bilər, çünki Azərbaycana həmin geosiyasi və geoiqtisadi proseslərin təsiri yox dərəcəsindədir və ölkəmiz dünya ölkələri üçün əlçatan bir regiona çevrilib. Belə olan halda, turizm potensialı böyük olan Azərbaycan tarif baxımından da daha cəlbedici hesab olunmaqdadır və bu da ölkəmizdə turizmin inkişafına əsaslı zəmin yaradır. Əslində, son zamanlar ölkəmizə turist axını da təsdiq edir ki, sadalananlar həqiqəti əks etdirir və Azərbaycanda həqiqətən də turizm sektorunda yeni inkişaf dövrü başlayıb.
Etiraf etmək lazımdır ki, 11 iqlim qurşağından 9-nun Azərbaycanda yerləşməsi, füsunkar təbiətə, təbii resurslara və zəngin mədəniyyətə sahib olmağımız bizim turizm potensialımızın nə qədər böyük olduğundan xəbər verir. Təbii resurslara, gözəl təbiətə sahib olan dünyanın istənilən ölkəsi turizmin inkişafı üçün səy göstərir və ənənəvi turizm, dağ turizmi, ekstremal turizm, sağlamlıq turizmi kimi bir çox turizm növlərinin inkişafına üstünlük verir, hansıki bunun üçün bizim ölkəmizdə də geniş imkanlar vardır və bu imkanlardan yararlanmaq olar. Bunun üçün isə təbii ki, ölkəmizin tanınması, daha dəqiq desək, imkanlarımız, potensialımız barədə məlumat vacib şərtdir. Bilirik ki, artıq bir neçə ildir ki, ölkəmizdə “Formula-1” yarışları keçirilir və bu yarışlar məhz Azərbaycanın, onun təbiətinin, resurslarının tanıdılması üçün əvəzsiz imkanlar deməkdir. Həmin yarışlar zamanı da ölkəmizə turistlərin gəlməsi özü ölkəmizdə turizmin inkişafında müsbət tendensiyadan xəbər verir. Ümumiyyətlə, Dövlət Turizm Agentliyinin artıq müxtəlif dövlət layihələrini həyata keçirməsi, turizmə aid olan digər qurumların bu layihələrdə yaxından iştirak etməsi də xüsusilə vurğulanmalıdır və bütün bunlar onu deməyə əsas verir ki, turizm sektorunda yeni inkişaf dövrü artıq başlayıb.
Heç şübhəsiz ki, Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin müdrikliyi, siyasi irədasi və rəhbərliyi, eləcə də Azərbaycan Ordusunun şücaəti, xalqımızın birliyi, həmrəyliyi ilə 44 gün ərzində ərazilərimizin işğaldan azad edilməsi sayəsində ölkəmizin turizm potensialı da artdı desək, yanılmarıq. Ona görə ki, işğaldan azad edilən Qarabağ bölgəsinin çox zəngin turizm potensialı var. Əlbəttə ki, həmin ərazilərin istər iqlimi, istər təbiəti, istərsə də təbii resursları müxtəlif turizm sahələri üçün imkanlar deməkdir. Doğrudur, əsrin üçdə birinə yaxın müddətdə həmin ərazilərin ermənilər tərəfindən işğal altında saxlanılması, eləcə də işğal altında olduğu müddətdə onlar tərəfindən dağıdılması, ərazilərin də minalanması bu işə maneçilik törədir. Lakin nəzərə almaq lazımdır ki, hazırda həmin ərazilər həm minalardan təmizlənir, həm də quruculuq-abadlıq işləri görülür, infrastruktur layihələri gerçəkləşdirilir ki, bütün bunlar turizmin inkişafı üçün əvəzsizdir. Sözsüz ki, həmin ərazilərdə fəaliyyət göstərəcək beynəlxalq hava limanlarının da öz növbəsində turizmin inkişafına nə qədər töfhə verəcəyi də hər kəsə bəllidir.
Sadalananları nəzərə alaraq cəsarətlə deyə bilərik ki, həqiqətən də ölkəmizdə turizmin inkişafı üçün yeni mərhələ, yeni dövr başlayıb. Ölkəmizdə turizm sektorunda inkişaf qaçılmazdır və yaxın zamanda biz bunun şahidi ola biləcəyik. Artıq turizm sektorunda bir canlanmanın müşahidə olunması isə deyilənləri təsdiqləyir və bu sektorun sürətli inkişafına ümidləri daha da artırır.
Bütün xəbərlər Facebook səhifəmizdə