"Büdcə əvvəlki illərə nisbətən daha böyükdür" - DEPUTAT ŞƏRH ETDİ

"Büdcə əvvəlki illərə nisbətən daha böyükdür" - DEPUTAT ŞƏRH ETDİ

"Baxmayaraq ki, Azərbaycan böyük bir problemin içərisindən çıxıb. Hansı ki, bu problemlər birincisi Qarabağ müharibəsi və ikincisi isə koronavirus pandemiyasıdır. Bununla belə büdcəni sabit saxlamaq mümkün oldu". Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə bildirib.

Onun sözlərinə görə, biznes sektorunun inkişafı neftdən gələn gəlirlərin düzgün bölüşdürülməsi, sahibkarlığın inkişafına dövlətin verdiyi dəstəklə bağlıdır: "Düzdür pandemiya hələ davam edir və bundan iqtisadiyyat, o cümlədən, insanların güzəranı müəyyən qədər zərər çəkir ancaq bu problemdən Azərbaycan digər ölkələrə nisbətən az zərərlə çıxır. Büdcə əvvəlki illərə nisbətən daha böyükdür. İlk növbədə sosial paket böyük həcmdə vəsaiti özündə ehtiva edir. Burada əmək haqlarının, pensiyaların, təqaüdlərin artırılması, regionların inkişafı ilə bağlı layihələrin maddi maliyyələşdirilməsi nəzərdə tutulur. Bir sözlə həm iqtisadiyyatın inkişafı, həm də vətəndaşların sosial problemlərini həll edən məsələlərdir. Eyni zamanda işğaldan azad olunan torpaqların minalardan təmizlənməsi, kommunikasiyaların qurulması və tamamilə yerlə yeksan edilmiş şəhər və kəndlərinin bərpası məsələsi durur. Bu çox böyük vaxt tələb edən bir məsələdir. Amma bununla belə ilkin addımlar atılmış və 2021-ci ilin sonu - 2022-ci ilin əvvəli Zəngilanın 3 kəndinə məcburi köçkünlərin qaytarılması gözlənilir. Füzuli aeroportu fəaliyyət başlayıb, həmçinin Füzuli-Şuşa yolu artıq istifadədədir. Füzuli və Ağdam şəhərləri tamamilə yenidən qurulmağa başlayıb.

Göründüyü kimi bu istiqamətlərdə böyük işlər görülür. Həmçinin vətən müharibəsində şəhid olan şəhid ailələrinin, yaralıların və iştirakçıların problemlərinin həlli ilə bağlı böyük bir paket nəzərdə tutulmuşdur. Bütün bunlar hamısı iqtisadiyyatın düzgün qurulması, sosial istiqamətlərin düzgün seçilməsi nəticəsində mümkün olur. Düzdür hələ müəyyən problemlər də var. Müzakirələrdə çıxış edən həmkarlarım həmin bu problemlərə diqqət yönəldirlər. Problemlərlə bağlı hökumətin müəyyən addımlar atmasını diqqətə çatdırdılar. Hesab edirəm ki, parlament iclasında daha geniş müzakirələr olacaq və biz gələn ilə optimal, günün tələblərinə cavab verən, insanların yaşayışını yaxşılaşdıran bir büdcə əldə edəcəyik. Müzakirələrdə qiymətlərin müəyyən qədər qalxması məsələsinə də toxunulub. Bu bir tərəfdən dünya bazarnda ərzaq mallarının, müəyyən texnologiyaların bahalaşması ilə əlaqədardır. Digər tərəfdən isə Azərbaycanın öz iqtisadiyyatında da diqqət edilməsi gərəkən sahələrlə bağlıdır. Belə düşünülür ki, məcburi köçkünlər öz torpaqlarına qayıtdıqdan sonra əlavə iş yerlərinin yaradılması, ərzaq və məhsul bolluğunun artmasına, büdəcəyə daha çox gəlirin daxil olmasına səbəb olacaqdır".

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə