ZƏNGƏZUR DƏHLİZİ: Ermənistanın daralan vaxtı - ANALİZ

İki gün öncə Türk dünyasının iki lideri - Azərbaycan və Türkiyə prezidentləri Zəngəzur dəhlizinin bir hissəsinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlini qoydular. Bütün dünya Azərbaycanın bir il bundan əvvəl işğaldan azad etdiyi ərazilərdə həyata keçirilən möhtəşəm iqtisadi layihələrin sürətlə həyata keçirilməsi xəbərini duymaqda və eşitməkdədir. Artıq Ermənistan cəmiyyəti əvvəl diplomatiyada, sonra müharibə meydanında, bu gün isə tikinti meydanlarında xarüqələr yaradan Azərbaycana qibtə ilə baxır, əksinə, 30 illik işğal dövründə Qarabağda heç bir quruculuq işi aparmayan rəhbərlərini lənətləyirlər. Bəli, Azərbaycan qurmaqla, yaratmaqla, 30 il yurdundan, yuvasından uzaq düşmüş insanların öz isti ocağına dönməsini təmin etməklə məşğuldur. Erməni vandalları tərəfindən yerlə yeksan edilmiş kənd və şəhərləri, qəsəbə və digər yaşayış məntəqələrini yenidən, sıfırdan quran, yeni infrastruktur layihələri –hava limanları, magistral və dəmir yolları, kənd təsərrüfatı obyektləri, su qovşaqları, yarımstansiyalar, “ağıllı” kənd və şəhərlər inşa edən dövlətimiz unukal layihələrlə dünyanı heyrətləndirir.

Horadiz-Ağbənd dəmir yolu xəttinin çəkilişi bir başqa mövzudur. Əvvəla, bu, vaxtilə mövcud olmuş və erməni işğalçıları tərəfindən tamamilə dağıdılmış bir nəqliyyat infrastrukturunun yenidən bərpasıdır ki, bu da vacib idi. İkincisi, bərpa olunan dəmiryolu xətti həm də daha iri beynəlxalq layihənin, artıq inşasına başlanılmış Zəngəzur dəhlizinin Azərbaycandakı hissəsidir. Şərqi Zəngəzuru Azərbaycanın Naxçıvan hissəsi ilə birləşdirəcək Mehri kəsimi isə Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndinə tam uyğun olaraq inşa ediləcək. Zəngəzur dəhlizi isə bütün Türk dünyasını birləşdirəcək. Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır. Əminik ki, bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir. Əslində bu layihələr həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesajdır ki, biz bir yerdəyik, bizim birliyimiz sarsılmazdır və əbədidir.

Azərbaycan işğaldan azad edilmiş ərazilərdə yenidənqurma prosesini sürətləndirməklə yanaşı diplomatik sahədə də fəaliyyətini genişləndirir. Müharibə artıq başa çatıb, Ermənistan öz sərhədləri çərçivəsinə mövqe tutmağa məcbur edilib. Sərhədyanı kəndlərdə yaşayan və əvvəllər Füzuli rayonuna qədər olan əraziləri öz torpaqları kimi əkib-becərən, heyvandarlıq üçün istifadə edən erməni əhali ötən bir il müddətində yeni-köhnə sərhədlərə alışmağa başlayıblar. Təbii ki, Azərbaycanın qətiyyətli addımı, qalib Ordumuz tərəfindən sərhədlərimizdə aparılan hərbi və qeyri-hərbi əməliyyatlar Ermənistanın və dünya ictimaiyyətinin nəhayət Qarabağ həqiqətlərindən agah olması erməniləri reallıqla barışmağa məcbur edən amillər oldu.

Amma Ermənistanda hələ də əski ab-havada olan subyektlər dolaşır. Onların real gücü yoxdur, amma millət vəkili statusuna qədər yüksələ biliblər, yəni bir qism revanşist kütləni təmsil edə bilirlər. Buna baxmayaraq parlamentdə danışmaqdan o tərəfə keçə bilmirlər. Niyə? Çünki, səs üstünlüyü hakim partiyada, Paşinyanın tərəfdarlarındadır. İnsafən desək, Ermənistanda az-çox reallığı başa düşən, həqiqəti anlamağa çalışan, məğlubiyyəti “kişi kimi” qəbul edən də Paşinyanın ətrafıdır. Məsələ burasındadır ki, “zaman” deyilən bir məfhum Ermənistan xalqının başının üstünü kəsib. Ölüm-qalım məsələsidir, ya regionun iri layihələrinə qoşulub qazanmalı, ya da indiyədək göstərdiyi inadkarlığı davam etdirib acından ölməli. İtirməmək üçün də Azərbaycanla razılığa gəlmək yeganə çıxış yoludur. Zəngəzur dəhlizinin açılması Ermənistanın blokadadan çıxmasına, iqtisadi inkişafına xeyir vermiş olar. Sərhədlərin demarkasiya və delimitasitası isə iki ölkə arasında təhlükəsizliyi təmin edə, bütöv regionda sabitlik mühiti yarada bilər.

İki gün önsə Ermənistan parlamentində deputatların və hökumət qurumları rəhbərlərinin iştirakı ilə qapalı müzakirələr aparılıb. Mətbuata açıqlama verilməsə də müzakirələrdə iştirak edən müxalif deputatların narazı qalmasından, hökuməti tənqid etməsindən belə qənaətə gəlmək olar ki, məsələ çox mürəkkəbdir. Bir az irəli gedərək deyə bilərik ki, hətta Ermənistanın keçmiş hakimiyyət mənsublarını məyus edəcək xəbərlər eşidə bilərik.

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədindən danışarkən bildirib ki, bu məsələ sovet dövründən qalma xəritələr əsasında həll edilməlidir. Hətta Rusiya prezidenti Vladimir Putinin də bu təklifə razı olduğuna işarə vurub: “Bu xəritələrdə sərhədlər Ermənistanın inzibati-ərazi bölgüsü haqqında 2010-cu il qanununda təsvir olunanlarla 100 yox, 99 faiz üst-üstə düşür. Delimitasiya üçün Sovet İttifaqının xəritələrindən istifadə edilməlidir. Araşdırmalarımız göstərir ki, müxtəlif illərin xəritələri bir-birinin surətidir, bu xəritələri daha dərindən öyrənib, hansının hüquqi əsası olduğunu anlamaq lazımdır. Bu xəritələrdə müəyyən ərazi fərqləri var”.

Baş nazir bildirib ki, indi ən vacib məsələ sərhəddəki vəziyyəti və dəhliz məsələsini nizamlamaqdır: “Burada, təbii ki, Rusiyanın iştirakı olmadan heç nə etmək olmaz. Çünki Rusiya Ordusunun Baş Qərargahında Sovet dövründə ittifaq respublikaları arasında sərhədin necə keçdiyini göstərən xəritələr var. Dəhlizlərə gəldikdə, düşünürəm ki, bu, regionda ziddiyyəti, düşmənçiliyi və düşmənçilik mühitini daha da gücləndirir. Hesab edirəm ki, 9 noyabr 2020-ci il tarixli bəyanatın 9-cu bəndində biz açıq şəkildə qeyd etmişik ki, bütün regional iqtisadi və nəqliyyat kommunikasiyaları açıq olmalıdır və biz bu məntiqə sadiqik. Bu o deməkdir ki, bir vaxtlar mövcud olan dəmir yolları müəyyən qaydada açılmalı, region ölkələrinə əlçatan olmalıdır. Vaxtilə mövcud olan yollar müəyyən qaydada yenidən açılmalı, region ölkələrinin istifadəsinə verilməlidir. Hesab edirəm ki, bu, təhlükəsizliyin mühüm tərkib hissəsidir, çünki bu kommunikasiyalar və iqtisadiyyat işə başlayanda təhlükəsizlik və sülhün müəyyən təminatını yaradır. Hesab edirik ki, kommunikasiyaların açılmasında, xüsusən də bu məntiq, bu məqsəd olmalıdır”.

Parlamentdəki Ermənistan müxalifəti isə qapalı iclasdan narazı qalıb. Azadlıq Radiosunun Erməni xidməti – “Azatutyun” xəbər verir ki, müxalif deputatlar güc nazirliklərinin nümayəndələrindən bir çox suallarına cavab almadıqlarını deyirlər. Hətta “Şərəfim var” müxalifət fraksiyasının deputatı Taqui Tovmasyan iclasın sonunu gözləmədən zalı tərk edib.

O bildirib ki, qapalı iclasda verilən sualların çoxuna hökumət nümayəndələri “bu dövlət sirridir” cavabını veriblər: “Mən dərindən məyus olmuşam və müzakirəni tərk etmişəm. Bu təlxəkliyə daha qulaq asa bilmədim”.

“Azatuyun” yazır ki, güc nazirliklərinin nümayəndələri jurnalistlərin suallarına ümumiyyətlə cavab verməyiblər. Qapalı iclasda Parlamentin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının rəhbəri Andranik Koçaryan iştirak etməyib. Onu əvəz edən Arman Xaçatryanın ardınca zaldan MTX sərhəd qoşunlarının komandanı çıxıb. Silahlı qüvvələr baş qərargahı rəisinin birinci müavini Kamo Koçunts isə müzakirələrdən sonra özünü o qədər itirib ki, çıxış qapısını tapa bilməyib, general daha sonra mühafizə xidmətindən ona binadan çıxmaqda kömək etmələrini istəyib.

“Ermənistan” fraksiyasının rəhbəri Seyran Ohanyan jurnalistlərə açıqlamasında Ermənistan Parlamentinin qapalı iclasından sonra Ermənistanla Azərbaycan arasındakı təmas xəttindəki vəziyyət və delimitasiya problemləri ilə bağlı fraksiyanın çıxardığı nəticələr barədə danışıb: “Belə bir görüşdə hakimiyyətin birinci simaları iştirak etməli idilər. Bu yaxınlarda Azərbaycan və Ermənistan arasında yeni sənədlərin imzalanacağına dair söz-söhbət barədə isə iclasa dəvət olunan hakimyyət nümayəndələrində heç bir informasiya olmayıb. Əslində vahid əsas və ilkin şərt olmadan, heç bir sifariş və hüquqi əsas olmadan sərhədlərin müəyyənləşdirilməsi Azərbaycanın məcburiyyəti ilə həyata keçirilir. Heç kim nəticə çıxarmayıb ki, azərbaycanlılar Ermənistan ərazisinə niyə daxil olublar, kimin günahı var, hansı məsuliyyəti üzərinə götürüblər və bu mövqelərin bərpası üçün bu gün hansı tədbirlər görülür”.

“Ermənistan” fraksiyasının katibi Artsvik Minasyan xarici işlər nazirinin iclasa niyə gəlmədiyi ilə maraqlanıb: “Biz xarici işlər nazirinin də müzakirəyə cəlb olunmasını təklif etmişik. Niyə gəlməyib? Səbəb sırf işlə bağlıdır? Nə baş verir? Axı bir çox suallar məhz onun sahəsinə aiddir”.

Ermənistan rəsmi və qeyri-rəsmi şəxslərinin subyektiv yanaşmasına rəğmən Zəngəzur dəhlizinin açılması çox real görünür.

Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, Azərbaycanla Türkiyə yeni bir nəqliyyat layihəsi ilə birləşəcək. Bakı-Tbilisi-Qars dəmir yolu sayəsində Türkiyə ilə birləşdik. Zəngəzur dəhlizi isə ikinci bir birləşmə istiqaməti olacaq. Beləliklə, bizim üçün yeni fürsətlər ortaya çıxacaq. Eyni zamanda, Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə də dəmir yolu ilə birləşəcək. Ancaq Zəngəzur dəhlizinin tam fəaliyyəti üçün həm dəmir yolu, həm avtomobil yolu olmalıdır. Biz Bakıda avtomobilə əyləşib oradan rahatlıqla Türkiyəyə və Naxçıvana keçə bilərik.

Zəngəzur dəhlizinin Avrasiyanın yeni bir nəqliyyat layihəsinə çevrilə biləcəyini xüsusi vurğulayan Prezident İlham Əliyev qeyd edib ki, bu, eyni zamanda, bölgə ölkələri üçün də yeni fürsət olacaq. Türkiyə, Rusiya və İran öz mallarını Orta Asiyaya, Avropaya daha qısa yolla, alternativ yolla daşıya biləcək. Beləliklə, bu, Avrasiyanın yeni bir nəqliyyat layihəsinə çevrilə bilər.

Azərbaycan Prezidenti Zəngəzur dəhlizinin açılacağından danışarkən qeyd edib ki, Rusiya dəmir yolları bütün Ermənistanın dəmir yollarına sahibdir: “Deməli, Ermənistan dəmir yolları ona məxsusdur. Ona görə biz bu məsələni daha çox Rusiya tərəfi ilə müzakirə edirik. Şərqi Zəngəzur bölgəsində yerləşən Zəngilanı bizim qədim torpağımız olan Qərbi Zəngəzurla, ondan sonra Ordubad vasitəsilə Naxçıvanla və Türkiyə ilə birləşdirmək bizim növbəti tarixi nailiyyətimiz olacaq. Əminəm ki, bu, olacaqdır, məndə heç bir şübhə yoxdur. Bir daha demək istəyirəm ki, Azərbaycan öz üzərinə düşən vəzifələri icra edəcək və əlindən gələni edəcək ki, bu layihənin həyata keçirilməsində heç bir problem olmasın”.

Beləliklə, Azərbaycan qurur, yaradır, iri infrastruktur layihələri həyata keçirir, Ermənistan isə…

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə