Azərbaycanın ən böyük emal şəhərciyinin logistik nöqtəsinə çevrilə bilər

Azərbaycanın ən böyük emal şəhərciyinin logistik nöqtəsinə çevrilə bilər

Qəbələ dəmiryol stansiyasının ətraf əraziləri 5 il sonra ya sadəcə rentabelsiz əraziyə, ya da kənd təsərrüfatı üzrə Azərbaycanın ən böyük emal şəhərciyinin logistik nöqtəsinə çevrilə bilər. Hər şey özümüzdən asılıdır.

Həmişə səsləndiririk ki, kənd təsərrüfatı məhsullarını birbaşa tarladan satışa çıxarmaqla (ixracla) “Böyük Kənd Təsərrüfatı dastanı” yazmaq olan şey deyil. Mütləq kənd təsərrüfatı məhsulları müxtəlif emal proseslərindən keçərək yeni sənaye məhsulu kimi xaricə ixrac edilməlidir. Bu qida sənaye məhsulları da ola bilər, digər yüngül sənaye məhsulları da. Buna görə də rayonlarımızda mütləq emal sənaye müəssisələri yaradılmalıdır.

İki gün əvvəl Qəbələ dəmiryol stansiyasının açılması emal sənaye sahələrinin bölgələrdə yaradılması üçün çox ciddi təkan ola bilər. Qəbələ respublikanın ən öndə olan rayonlarından biridir. Rekreasiya və turizm imkanları orda, meyvəçilik orda, bitkiçilik orda və s. Ətraf rayonlar da kifayət qədər potensial vardır. Ləkidən ora çəkilmiş təxminən 40 km-lik dəmir yolu xətti imkan verir ki, bu stansiyanın yaxın coğrafiyasında böyük emal müəssisələri şəhərciyi salınsın. Bu stansiya həm orda yaradılmalı müəssiələrin xammal təminatı, həm də emal edilmiş hazır məhsulların ixracı böyük logistik imkanlar yaradır. Nə olursa olsun, hökümət o stansiyanın ətraf ərazilərindən, yaxın 5 km radiusundan (imkan varsa daha geniş) torpaqların hansısa formada indidən sonra özəlləşdirilməsinə və ya satılmasına imkan verməməlidir. O ərazilərdəki sahibkarlara dəqiqləşdirilmiş şərtlər (eyni zaman da çox ciddi vergi və digər güzəştlər) daxilində emal sənayesi müəssisələrin yaradılması məqsədilə uzun müddətli icarəyə verilməlidir.

Təsəvvür edin ki, Dünya Bankının hazırladığı yeni tədqiqatda deyilir ki, Azərbaycanda aqrar sektorda işçi qüvvəsinin 36 faizi cəmləşib, amma bu sektor ÜDM-nin cəmi 7 faizini istehsal edir. Niyə? Səbəb çox sadədir. Vurğuladığım kimi kənd təsərrüfatı məhsullarımızın pul ifadəsində yüksək dəyər ifadə edə bilməməsidir. Mütləq müasir tələblərə uyğun emal sənaye müəssisələri yaradılmalıdır. Təsəvvür edin ki, 2021-ci ilin yanvar-mart aylarında Azərbaycan dünyanın 153 ölkəsi ilə ticarət həyata keçirib. Bunlardan 144 ölkədən idxal məhsul idxal etsək də 89 ölkəyə ixracımız olub. 89 ölkə az deyil. Demək ki, az olan say yox, dəyərdir. İxrac edilən dəyəri artıqmaq üçün isə məhsul xammal kimi, primitiv əmtəə kimi deyil, bir başa istehlaka yararlı emal sənayesinin son məhsulu olaraq ixrac edilməlidir.

Amma kənd təsərrüfatında əksəriyyət təşkil edən ailə təsərrüfatları isə rəqabətə davamlı emal məhsulu yaratmaq gücündə deyil. Buna görə regionlar üzrə prioritet sahə emal sahəsi olmalıdır. Yalnız bu yolla regionlarda dirçəlişə nail olmaq, paytaxtla regionlar arasındakı ifrat bərabərsizliyi azaltmaq mümkündür.

Eldəniz ƏMİROV

SOCAR əməkdaşı, iqtisadçı ekspert

Bütün xəbərlər Facebook səhifəmizdə