Ruslar 4 günlük iş həftəsinə keçir?

Bu gün Rusiyada işəgötürənlərin müəyyən bir hissəsi 4 günlük iş həftəsinə keçə biləcəklərini istisna etmirlər.

SİA rus mətbuatına istinadən xəbər verir ki, bu il fevral ayının əvvəllərində 1000-dən artıq Rusiya şirkət nümayəndələri arasında sorğu keçirilib. Sorğunun nəticələrinə münasibət fərqlidir. Məsələn, sorğu iştirakçılarının 42 faizi 4 günlük iş həftəsi ilə bağlı məsələyə mənfi münasibət bəsləsə də, 38 faizi buna dəstək verib. 20 faizi isə bitərəf qalıblar.

Bununla yanaşı, respondentlərin 6 faizi yaxın gələcəkdə belə bir keçidə hazır olduqlarını bildirsələr də, 53 faizi bunun gələcəkdə reallaşa biləcəyini ehtimal ediblər.

Maraqlıdır ki, qalan 41 faiz belə bir kecidə gələcəkdə də razılaşmayacaqlarını gizlətməyiblər.

Qeyd edək ki, sorğu zamanı 4 günlük iş həftəsinin müsbət və mənfi cəhətlərini də vurğulanıb.

Məsələn, respondentlərin yarısı işçilərin ailələri ilə daha çox vaxt keçirə biləcəyini qeyd ediblər. İşəgötürənlərin üçdə biri iş həftəsinin daha qısa müddətdə işçiləri yorğunluqdan qoruyacağına inanır. Digər 24 faiz işçilərin iş vaxtından daha səmərəli istifadə edəcəklərinə, 15 faiz isə onların ixtisaslarını artırmaq üçün daha çox vaxt qazanacaqlarını bildiriblər. Bununla yanaşı, respondentlərin 34 faizi bütün bu sadalananlara mənfi münasibət nümayiş etdirib.

Yeri gəlmişkən, bütün bu məsələlərlə bağlı ən çox önəm kəsb edən məsələ, təbii ki, veriləcək məvaciblə bağlıdır. Maraqlıdır ki, burada da münasibətlər fərqlidir. Məsələn, Rusiyadakı işəgötürənlərin 56 faizi iş həftəsindəki azalmanın aşağı əmək haqqı ilə əlaqəli olacağına əmindir. 40 faizi şirkətin məhsuldarlığının azalmasından, qalanlar isə əmək intizamının azalmasından qorxurlar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə