Xərclərdəki əsas artım səhiyyə və sosial müdafiə ilə bağlıdır ÖZƏL - AÇIQLAMA

"Xərclərdəki əsas artım səhiyyə və sosial müdafiə ilə bağlıdır. Səhiyyədə 25 faizdən çox artım var. Sosial müdafiənin təminatında isə sosial müdafiə üzrə 20 faiz, sosial təminat üzrə isə 300 faizə qədər artım olub". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Samir Əliyev 2020-ci ilin dövlət büdcəsinə edilən dəyişiklikləri şərh edərkən deyib.

"Büdcəyə dəyişiklik edilib. Layihə isə ondan ibarət idi ki, büdcənin gəliri azaldılır, xərclər isə artırılır. Bununla da büdcənin kəsiri artıb. Daha əvvəl büdcənin kəsiri 2,8 milyard manat idi, hazırda isə kəsir 3,4 milyar manata qalxıb. Bu da kəsirin 608 milyon manat artığını göstərir. Bunun səbəbi isə xərclərin artmasıdır. Gəlir isə çox azalmayıb, sadəcə 10 milyon manat azalıb. Xərclər isə 600 milyon manat civarında artıb. Ümumi gəlirin azalmasının əsas səbəbi isə vergi gəlirlərinin azalmasıdır. Çünki, ayrı-ayrı vergilər azaldılıb. Fikizi şəxslərdən gəlir vergisi 2,8 faiz azaldılıb, hüquqi şəxslərdən mənfəət vergisi 15 faizə qədər azaldılıb, əlavə dəyər vergisi isə təxminən 3 faizə qədər azaldılıb. Vergi gəlirləri ilə yanaşı gömrükdən daxilolmalarda da azalmalar var. Lakin, bu azalmalara baxmayaraq Neft Fondundan transferlər artırılıb. Hardasa, 850 milyon manat artım var. İlkin versiyada 11 milyard 350 milyon manat idisə, düzəliş qəbul edilməklə bu, 12 milyon 200 manat olacaq. Yəni, bu, 850 milyon manat artış edir" - deyə, Samir Əliyev açıqlayıb.

İqtisadçı bildirib ki, artım, əsasən, Neft Fondunun transferləri hesabına və vəsait daxilolmaları hesabına olub:

"Vergi və gömrük istiqamətində kəskin azalmalar var. Lakin, Neft Fondunun tranferində isə artım var. Bu da təxminən 10 milyon manat fərq yaradıb. Vergi gəlirləri o qədər azaldılıb ki, Neft Fondundan əlavələr olsa belə mənfi 10 milyon kəsr alınıb".

Samir Əliyev qeyd edib ki, xərclər isə əhəmiyyətli dərəcədə artırılıb: "Ümumdövlət xidməti xərcləri təxminən 4 faiz azaldılıb. Müdafiə və milli təhlükəsizlik xərclərində ümumi azalmalar var, lakin, bunun alt bölmələrini nəzərə alsaq, görərik ki, müdafiə qüvvələrində azalma olduğu halda, milli təhlükəsizlikdə isə artım var. Məhkəmə və hüquq mühafizədə 1,7 faiz azalma, təhsildə isə 3,8 faiz azalma var. Artım isə səhiyyə və sosial istiqamətdə olub. Səhiyyədə 25 faizdən çox artım var. Sosial müdafiə üzrə təminatda isə, sosial müdafiə üzrə 20 faiz, sosial təminatda isə 300 faizə qədər artım var. Təsəvvür edin sosial istiqamətdə nə qədər böyük artım müşahidə olunub. Xərclərdəki əsas artım sosial müdafiə və səhiyyə ilə bağlıdır".

Eskpert vurğulayıb ki, büdcə kəsiri özəlləşdirmədən daxil olan vəsaitlər hesabına və ya dövlət borclanmaya getməklə örtüləcək.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə