Neft Fondu gəlirlərinin gələcək nəsillərə faydası nə olacaq? ÖZƏL - AÇIQLAMA

Neft Fondu gəlirlərinin gələcək nəsillərə faydası nə olacaq? ÖZƏL - AÇIQLAMA

"Azərbaycan Respublikası Neft Fondu vəsaitlərinin gələcək nəsillərə faydası daha çox həmin vəsaitdən ölkədə dayanıqlı iqtisadiyyatın formalaşdırılması, ölkədə təhsilin, səhiyyənin gücləndirilməsinə nail olmaqla mümkündür ki, ölkədə yaşam şəraiti daha sərfəli olsun". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisadi məsələlər üzrə ekspert Azər Mehtiyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirlərinin səmərəli istifadə olunması ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycan Respublikası Dövlət Neft Fondunun həm birbaşa özündən layihələr maliyyələşir, həm də Fondun xərclənmiş vəsaitinin təqribən 90 faizindən çoxu dövlət büdcəsi vasitəsilə xərclənilib:

"Biz Fondun vəsaitlərinin səmərəli istifadə olunmasından danışarkən ilk növbədə dövlət büdcəsindən ayrılan vəsaitlərin nə qədər səmərəli olmasından danışmalıyıq. Bu yaxınlarda ölkədə suyun vəziyyəti ilə bağlı keçirilmiş tədbirdə dövlət başçısı suya yönəlik layihələrin istifadəsi və idarə olunmasından danışdı. Təəssüf ki, aparılan müşahidələr onu göstərir ki, dövlət büdcəsindən, xüsusilə, investisiya layihələrinə ayrılan vəsaitlərdə səmərəlilik gözlənilməyib və layihələr şişirdilib. Əksər hallarda əldə olunan nəticələrlə xərclənən vəsaitlər arasında uyğunsuzluq olub. Bu layihələrdən əldə olunan nəticələr xərclənən vəsaitlərə uyğun olmayıb. Bu problem ciddi olaraq qalır. Bu baxımdan biz deyə bilərik ki, Dövlət Neft Fondunun vəsaitlərinin istifadə olunmuş həcmi ilə ölkənin onunla əldə etdiyi fayda arasında böyük fərq var. Bu dəfələrlə çox ola bilərdi".

İqtisadçı əlavə edib ki, Dövlət Neft Fondunun birbaşa özündən həyata keçirilən layihələrlə bağlı da oxşar şeyləri söyləmək olar:

"Bu layihələrin bir hissəsi beynəlxalq layihələr olub və onlara nəzarət bir qədər fərqlidir. Bu layihələrdə səmərəlilik səviyyəsi normal olub. Ölkədaxilində maliyyələşən layihələr, xüsusilə də, qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı layihələr, su layihələri və digər ölkədaxili layihələrlə, investisiya layihələri və s. ilə bağlı eyni şeyi deyə bilərik.

2009-cu ildə ildə dövlət başçısı göstəriş vermişdi ki, investisiya layihələrinin iqtisadiyyata əsaslandırılması və nəticələrin qiymətləndirilməsi ilə bağlı xüsusi qaydalar hazırlanmalıdır. Lakin, təəssüf ki, həmin qaydalar bu günə qədər hazırlanmayıb. Eyni zamanda, ictimai nəzarət də bu sahədə zəifdir".

Neft Fondu gəlirlərinin gələcək nəsillər üçün qorunub saxlanılan hissəsindən danışan Azər Mehtiyev bildirib ki, bu biraz mübahisəli məsələdir və təbii ki, ölkənin özünün infrostrukturunun qorunması baxımından da böyük layihələrə və vəsaitlərə ehtiyac var idi:

"Əslində bu vəsaitlər daha səmərəli xərclənsə idi Neft Fondunun vəsaitləri indi daha çox ola bilərdi. Lakin, indiki böhran dövründə ölkədə maliyyə sabitliyinin qoruması baxımından təhlükəsizliyi təmin edə biləcək qədər vəsait var. Bu vəsaitin gələcək nəsillərə faydası daha çox həmin vəsaitdən ölkədə dayanıqlı iqtisadiyyatın formalaşdırılması, ölkədə təhsilin, səhiyyənin gücləndirilməsinə nail olmaqla mümkündür ki, ölkədə yaşam şəraiti daha sərfəli olsun. İnsanlar gələcəkdə öz bilik və bacarıqlarını artırmaq üçün daha real şəraitə nail olsunlar. Əgər, bu olsa həmin vəsaitdən daha səmərəli istifadə etmək mümkün olar. Təbii ki, ölkəmizdə məktəblər, xəstəxanalar və s. infrostrukturlar tikilib. Lakin, bura sərf olunan vəsaitlər oradan əldə olunan nəticələr arasında uyğunsuzluq mövcuddur".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə