Azərbaycanla Ukrayna arasında iqtisadi məsələlər müzakirə olunub

Azərbaycanla Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın həmsədri, İnfrastruktur naziri Vladislav Krikli Azərbaycanın bu ölkədəki səfiri Elmira Axundova ilə görüşüb. Bu barədə SİA-ya Azərbaycanıın Ukraynadakı səfirliyindən məlumat verilib.

Azərbaycanla Ukrayna arasında iqtisadi sahədə dinamik əməkdaşlığın davam etdiyini deyən V.Krikli hər iki ölkənin enerji, sənaye, nəqliyyat, kənd təsərrüfatı, turizm, səhiyyə və təhsil sahələrində birgə layihələr həyata keçirməsinin vacibliyini vurğulayıb.

Azərbaycan sərmayələrinin Ukrayna üçün çox böyük əhəmiyyət kəsb etdiyini deyən nazir bildirib ki, iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında təkcə dövlət qurumları deyil, özəl sektor da yaxından iştirak etməlidir. “Hesab edirəm ki, iki ölkənin müvafiq qurumları arasında görüşlər intensiv keçirilməlidir. Xüsusilə, Azərbaycan-Ukrayna İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyası fəaliyyətini daha da intensivləşdirməlidir”, - deyə nazir əlavə edib.

V.Krikli Azərbaycan-Ukrayna İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının növbəti iclasının payız aylarında Bakıda keçirilməsinin nəzərdə tutulduğunu qeyd edərək, bunun üçün Ukrayna hökumətinin böyük nümayəndə heyətinin Azərbaycana səfərinin planlaşdırıldığını bildirib.

Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsinin həcminin artırılması üçün mövcud potensialdan istifadə edilmədiyini vurğulayan səfir E.Axundova isə öz növbəsində, ölkəmizdə xarici sahibkarların iştirakı üçün münbit şəraitin olduğunu söyləyib.

Səfir bildirib ki, Azərbaycan tranzit potensialını daha da möhkəmləndirilməsi istiqamətində bir sıra regional layihələri gerçəkləşdirib. “Şərq-Qərb” Beynəlxalq Nəqliyyat Dəhlizi üzərinə düşən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çindən başlayaraq Azərbaycan və Gürcüstandan keçməklə Avropa ölkələrinə qədər uzanır. Bu kimi Azərbaycanın iştirakçısı olduğu beynəlxalq nəqliyyat marşrutları üzərində Ukrayna tərəfi ilə birlikdə güclü logistika işinin aparılması vacibdir. E.Axundova hesab edir ki, Ukrayna Avropa İttifaqı ölkələrində bu dəhlizlərin təbliği üçün müvafiq işlər apara bilər.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən Azərbaycanda Ukraynanın əczaçılıq müəssisəsinin yaradılması, Ukraynadan ölkəmizə metallurgiya məhsullarının ixracının artırılması, informasiya-kommunikasiya texnologiyaları sahəsində birgə layihələrin həyata keçirilməsi ətrafında da müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...