Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu yenidən qurulub

Qazax rayonunun Daş Salahlı–Ürkməzli–Dəmirçilər avtomobil yolunun yenidənqurma işləri yekunlaşıb. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya bildirilib ki, uzunluğu 16 kilometr olan yerli əhəmiyyətli Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu iki hissə üzrə yenidən qurulub. Bu, Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 482-ci kilometrdən ayrılan və 11.5 kilometr uzunluğa malik Daşsalahlı yolu, həmçinin yerli əhəmiyyətli Qazax -Yuxarı Əskipara avtomobil yolunun 11 kilometrdən ayrılan və 4.5 kilometr uzunluğunda olan Ürkməzli-Dəmirçilər yoludur.

Yerli əhəmiyyətli Daşsalahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolu IV texniki dərəcəli olmaqla uzun müddət əsaslı təmir olunmadan istismar olunduğundan yol geyimi və yolun əsası, həmçinin torpaq yatağı sel sularının təsirindən yuyulub, hərəkət hissəsində, qabarmalar, çalalar əmələ gəlib, asfalt-beton örtüklü hissələrdə çoxlu sayda torlar və çalalar yaranıb.

Layihəyə uyğun olaraq mövcud asfalt-beton örtüyü sökülərək kənara daşınıb, yolun deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, təqribən 36 min kubmetr həcmdə karxana qruntu ilə əks-dolğu işləri görülüb.

Yolboyu mövcud suötürücü borular istismara yaramadığı üçün yeni suötürücü boruların quraşdırılması və küvetlərin açılması tələb olunurdu. Bu səbəbdən müxtəlif diametrlərə malik 9 ədəd 120 paqon-metr uzunluğunda yeni dəmir-beton suötürücü borular quraşdırılıb və izolyasiya olunub, avtoqreyderlə 9300 paqon-metr küvetlərin açılması işləri görülüb.

Daha sonra tikinti norma və standartlarına uyğun olaraq torpaq yatağının avtoqreyderlə profilə salınması, 36 santimetr hündürlükdə karxana çınqılı və optimal qum-qırmadaş qarışığından əsasın alt və üst layının 180 min kvadratmetr sahədə tikintisi işləri görülüb. Bunun ardınca isə əlaqələndirici bitum səpilməklə yol örtüyünün alt layı 7 santimetr, üst layı isə 5 santimetr qalınlıqda iri və xırda dənəli olmaqla asfalt beton qarışığı ilə salınması, çiyin hissələrin 14 min kvadratmetr sahədə optimal qum-qırmadaş qarışığı ilə bərkidilməsi işləri aparılıb, 22 yol birləşməsi təmir edilib.

Layihənin sonuncu mərhələsi çərçivəsində 5 yerdə avtobus dayanacağı qoyulub, hərəkətin normal təşkili üçün 42 kilometr göstəricisi, 52 yol nişanı, 600 siqnal dirəyi quraşdırılıb, 48 kilometr yolcızgi və yolgöstərici xətləri çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə