Manatın məzənnəsinin hədəflənməsi rejiminə dəyişikliyin edilməsi barədə qərar qəbul edilib

Manatın məzənnəsinin hədəflənməsi rejiminə dəyişikliyin edilməsi barədə qərar qəbul edilib

Azərbaycan Respublikasının Mərkəzi Bankı pul və məzənnə siyasəti çərçivəsinin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlərini davam etdirir. Mərkəzi Bankdan SİA-ya verilən xəbərə görə, bu məqsədlə manatın məzənnəsinin hədəflənməsinin müxtəlif variantları nəzərdən keçirilib.

Makroiqtisadi təhlillər göstərir ki, ABŞ dolları/manat ikitərəfli məzənnəsinin hədəflənməsi hazırkı şəraitdə Mərkəzi Bankın məqsədləri, xüsusən də inflyasiya səviyyəsinə təsir göstərmək hədəfi ilə daha çox uzlaşır. Kommunikasiya baxımından əlverişli olmaqla yanaşı bu mexanizm həm də Mərkəzi Bankın uzunmüddətli perspektivdə sərbəst üzən məzənnə rejiminə keçmək imkanlarını artırır.

Məlum olduğu kimi 2008-ci ilin mart ayından etibarən Mərkəzi Bank özünün məzənnə siyasətini Avro və ABŞ dollarının daxil olduğu bivalyuta səbəti dəyərinin hədəflənməsi vasitəsilə həyata keçirib. Ötən müddət ərzində bu mexanizm qlobal valyuta bazarındakı prosesləri yerli məzənnələrə sirayət etdirməklə manatın çoxtərəfli məzənnəsinə nəzarət imkanlarını artırıb. Lakin, son vaxtlar aparıcı valyutaların məzənnələrindəki volatilliyin daha da kəskinləşməsi, inkişaf etməkdə olan ölkələr tərəfindən milli valyutaların qarşılıqlı dəyərsizləşdirilməsi və maliyyə sabitliyi hədəfinin prioritetliyi ilə səciyyələnən yeni şərait məzənnə siyasətinin taktikasına dəyişiklik etmək zərurəti yaradıb.

Qeyd olunanları nəzərə alaraq Mərkəzi Bankın İdarə Heyəti məzənnə siyasətinin tətbiqi mexanizminin təkmilləşdirilməsi çərçivəsində 10 yanvar 2011-ci il tarixindən ABŞ dolları/manat ikitərəfli məzənnəsinin hədəflənməsinə keçidlə əlaqədar qərar qəbul edib.

Bütün xəbərlər Facebook səhifəmizdə