Cari ilin mühüm iqtisadi hadisələri TƏHLİL

Cari ilin mühüm iqtisadi hadisələri TƏHLİL

Artıq təşəkkül tapmış ümumi iqtisadi sabitlik davamlı iqtisadi inkişafa əsaslı zəmin yaradır və müsbət dinamikanı şərtləndirir. Daha dəqiq desək, iqtisadi sabitlik sayəsində dinamik inkişaf tendensiya xarakterini alır və iqtisadi irəliləyişə əhəmiyyətli dərəcədə müsbət təsir göstərir. 2018-ci il də məhz iqtisadi irəliləyiş, dinamik inkişaf, islahatlar, qlobal layihələr və uğurlu nəticələr baxımından yaddaqalan oldu.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin Ələtdə yerləşməsi həmin ərazinin nəqliyyat qovşağına, geniş logistik məkana çevrilməsi anlamına gəlir

Cari il iqtisadi hadisələr sırasında ən mühümü və hətta birincisi Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin nəzərdə tutulduğu vaxtdan da tez istifadəyə verilməsidir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi Xəzər dənizində ən böyük limandır və təsadüfi deyil ki, Ələtdə yerləşən bu Liman bütün daşımaların ortaq nöqtəsi olmaqla daşınmalar üçün mərkəz hesab olunmaqdadır. Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin Azərbaycan seqmentləri olan avtomobil və dəmir yolu xətlərinin kəsişməsində bu kompleksin tikilməsi də böyük əhəmiyyət kəsb edir və Limanın həmin ərazidə inşası buraya su magistrallarının da əlavə edilməsi deməkdir. Bir sözlə, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin Ələtdə yerləşməsi həmin ərazini mühüm nəqliyyat qovşağına, geniş logistik məkana çevrilməsi anlamına gəlir.

Xəzər dənizinin artıq, fəaliyyətə başlayan ən böyük ticarət limanı 15 milyon ton yükü aşırmaq imkanına malikdir. Eyni zamanda bu Liman vasitəsilə yüz min konteynerin daşınması hələlik nəzərdə tutulur və xüsusilə qeyd etmək lazımdır ki, bu da hələ son deyil. Beləki, tələbat olduğu təqdirdə bu Liman daha da genişləndirilə bilər. Çünki, bunun üçün başda texniki imkanlar olmaqla çox geniş və hərtərəfli imkanlar mövcuddur. Bu isə onu deməyə imkan verir ki, həqiqətən də Ələt Limanının istifadəyə verilməsi çox mühüm iqtisadi hadisədir və əvvəldə qeyd etdiyimiz kimi dinamik inkişafa nail olmaq, iqtisadi potensialı artırılmaq üçün bu Limanın rolu əvəzsizdir.

“Cənub Qaz Dəhlizi” olduqca böyük strateji infrastruktur layihəsidir və qlobal əhəmiyyətə malikdir

Digər, həmçinin ən böyük əhəmiyyətə malik iqtisadi hadisə "Cənub Qaz Dəhlizinin" birinci hissəsinin açılışıdır ki, bu da özlüyündə, Cənubi Qafqaz Boru Kəməri (GQBK), TANAP və TAP olmaqla üç nəhəng layihəni cəmləşdirir. “Cənub Qaz Dəhlizi” olduqca böyük strateji infrastruktur layihəsidir və qlobal əhəmiyyətə malikdir. “Cənub Qaz Dəhlizi”nin birinci hissəsi açıldıqdan sonra, daha dəqiq desək, bu ilin 12 iyun tarixində Türkiyənin Əskişəhərində Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə TANAP-ın istifadəyə verilməsi ilə bağlı rəsmi açılış oldu. Bu isə o deməkdir ki, “Cənub Qaz Dəhlizi” layihəsi gələcəkdə təkcə Azərbaycana xidmət etməyəcək. Bəlli olur ki, Qərb ölkələrinin layihəyə dəstək vermələri heç də təsadüfi deyil və layihə qlobal miqyasda diqqət mərkəzindədir.

Azərbaycanın mövcud qaz resursları yalnız “Şahdəniz”dən ibarət deyil və bizim “Abşeron”, “Ümid”, “Qarabağ”, “Babək” kimi digər yataqlarımız da var. Hazırda ölkəmizin təsdiq olunan qaz ehtiyatları 2,6 trilyon kubmetr həddindədir və etiraf etmək lazımdır ki, bunun yalnız 1,2 trilyonu “Şahdəniz”in payına düşür. Lakin “Cənub Qaz Dəhlizi” layihəsi elə nəzərdə tutulub ki, ilkin olaraq 16 milyard kubmetr ötürməyə qadir olsa da, gələcəkdə onun ötürücülük qabiliyyətini 2 dəfəyədək, hətta bundan da çox artırmaq mümkün olacaq.

Hazırda, “Şahdəniz” yatağının hər iki mərhələsi nəzərə alınmaqla gəlirlərin 100 milyard ABŞ dollarından çox olacağı proqnozlaşdırılır. Amma gəlirlərin daha çox ola biləcəyi də inkar edilə bilməz. Çünki, perespektivdə Azərbaycan Avropa ölkələrinə qaz ixracında tranzit ölkə kimi çıxış edəcəyi ehtimalı böyükdür və daha dəqiq desək əsas hədəflərdən biri də məhz elə bundan ibarətdir.

“Star” zavodunun açılması SOCAR-ın gəlirlərinin artması, nəticədə ölkəmizin dövlət büdcəsinə ödəmələrin genişləndirməsi anlamna gəlir

Yekunlaşmaqda olan ilin ən mühüm hadisələrindən biri də ölkəmizdən kənarda 6,3 milyard dollarlıq vəsait hesabına başa gələn, ilk nəhəng emal müəssisəsinin Türkiyədə açılması hesab olunur. Söhbət İzmir şəhərinin Əliağa rayonunda, “Petkim” neft-kimya kompleksinin ərazisində inşa edilən “Star” zavodundan gedir ki, bu zavodun təməlinin qoyulması 7 il qabağa, 2011-ci ilə təsadüf edir. Ümumi neft emalı gücü 10 milyon ton təşkil edəcək “Star” zavodunun əsas xammal tədarükçüsü kimi SOCAR özü çıxış edəcək. SOCAR-ın inşa etdiyi bu zavodda bu ilin avqust ayından etibarən sınaq məqsədilə artıq, ilk xam neft də emal olunub və bu neft də məhz, bizim 80 min ton “Azeri Light” markalı neft olmaqla, ölkəmizdən çatdırılıb.

Etiraf etmək lazımdır ki, zavodun hər iki tərəf üçün böyük xeyri, iqtisadi səmərəliliyi var. Məsələn, Türkiyə bu zavodun işə düşməsiylə bir sıra mühüm enerji daşıyıcıları məhsullarının kənardan idxal asılılığından qurtulacaqsa, Azərbaycan da öz növbəsində xaricə ixrac etdiyi neftin bir hissəsi üçün stabil bir alış yeri qazanır. “Star” neft emalı zavodunda hər il emal olunacaq 10 milyon ton xam neft əvvəla qiymətlərdən asılı olaraq ildə 300-400 milyon dollar arası təmiz gəlir gətirəcək. Digər tərəfdən də, istehsal olunacaq neft məhsullarının satışından əlavə gəlir də əldə olunacaq ki, bu da öz növbəsində həmin sahədə Türkiyənin daxili bazarında bir növ söz sahibi olmaq deməkdir. Nəzərə almaq lazımdır ki, istənilən halda SOCAR-ın gəlirləri artacaq, bu isə ölkəmizin dövlət büdcəsinə ödəmələrin genişləndirməsi anlamna gəlir.

Ölkəmiz beynəlxalq hesabatda əksər indikatorlar üzrə yenə də kifayət qədər üstün yer tutdu və hətta irəlilədi

Məsələ burasındadır ki, il ərzində bu qədər qlobal layihəyə imza atan, həmin layihələrin istifadəyə verilməsini reallaşdıran Azərbaycan dünyanın, eləcə də ekspertlərin, beynəlxalq maliyyə və reytinq qurumlarının diqqətindən yayına bilməzdi və yayınmadı da. Dünya İqtisadi Forumunun (DIF) Qlobal Rəqabətlilik Hesabatı bu dəfə tamamilə yeni metod əsasında hazırlansa belə dünya ictimaiyyəti bu hesabatda mövqelərimizin daha da yaxşılaşmasının şahidi oldu. Bir sözlə, yeni metodoloji yanaşma belə Azərbaycanda aparılan iqtisadi siyasəti, dəyişiklikləri, dinamik inkişafı kölgə altına sala bilmədi və ölkəmiz sözügedən hesabatda əksər indikatorlar üzrə yenə də kifayət qədər üstün yer tutdu və hətta irəlilədi də.

Dünyanın 140 ölkəsi arasında ölkəmizin sosial bərabərliyin dünyada ən yaxşı səviyyədə təmin olunduğu ölkə hesab olunması belə, etiraf etmək lazımdır ki, böyük nailiyyətdir. Həmçinin, əhalinin elektriklə təchizatı səviyyəsinə görə maksimal 100 bal əldə etmək və bu göstərici üzrə dünyada ilk pilləyə yüksəlmək təqdirəlayiqdir. Biznesin dinamikliyi reytinqi üzrə isə Azərbaycanın 31-ci yerdə qərarlaşması nəzərəçarpacaq dərəcədə mühüm göstəricidir. Bu göstərici ölkəmizdə qeyri-neft sektorunu inkişaf etdirmək məqsədilə aparılan islahatların, sahibkarlıq fəaliyyətinin inkişafına yaradılan şəraitin, ortada olan bütün maneələrin aradan qaldırılmasının məntiqi nəticəsidir.

Ötənilki reytinqlə müqayisədə, Azərbaycanın “infrastruktur”, “ictimai institutlar”, “İKT potensialı”, “əmək bazarı”, “biznesin dinamikası” üzrə mövqelərini yaxşılaşdırması heç də təsadüfi deyil və bir çox məqamlara aydınlıq gətirir. Sadalanan istiqamətlərdə mövqelərin daha da yaxşılaşdırılması İnfrastruktur, İKT-dən istifadə səviyyəsi və Əmək bazarı üzrə ölkəmizdə həyata keçirilən işlərin, islahatların etirafı kimi də qeyd oluna bilər.

Ümumiyyətlə, Dünya Bankı tərəfindən hazırlanan “Doing Business – 2019” reytinq cədvəlində Azərbaycanın 32 pillə irəliləyərək, 190 ölkə arasında 57-ci yerdən 25-ə yüksəlməsi çox yüksək göstərici, çox yaxşı nəticədir.
Nəzərə almaq lazımdır ki, qlobal hesabatlarda iqtisadi göstəricilər üzrə irəliləmək üçün biznes mühitinin durmadan yaxşılaşdırılması, islahatların aparılması, qanunvericiliyin təkmilləşdirilməsi, sadələşdirilməsi vacib hesab olunur və görünür ölkə başçısının, Cənab Prezident İlham Əliyevin rəhbərliyi və tapşırığı ilə ölkəmizdə bu istiqamətdə görülən işlər diqqətdən yayınmayıb. Diqqətdən yayınmayıb ki, sadalanan bu işlər artıq Azərbaycan hökuməti tərəfindən müvafiq kursa çevrilib. Məhz bu mənada, həm də iqtisadi baxımdan cari ilin uğurlu nəticələrlə başa vurulması növbəti, 2019-cu ilin də uğurlu nəticələrlə dolu bir il olacağına böyük ümidlər doğurur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə