2018-ci ilin yanvar-oktyabr aylarında Bakı şəhərinin makroiqtisadi göstəriciləri
2018-ci ilin yanvar-oktyabr aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz artaraq 35 milyard manat təşkil etmişdir. Sənaye məhsulunun 82,7 faizi mədənçıxarma, 15,4 faizi emal, 1,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur. Bakı Şəhər Statistika İdarəsinin rəisi Xosrov Əbdürəhmanovun "Səs" qəzetinə verdiyi məlumata əsasən, Sənayedə qeyri-dövlət sektorunun payı 84,9 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 90,2 faiz, xidmətlərin göstərilməsi isə 9,8 faiz təşkil etmişdir.
X.Əbdürəhmanovun sözlərinə görə, 2018-ci ilin yanvar-oktyabr aylarında Bakı şəhərində Yüksəkgərginlikli Avadanlıqlar Zavodu, 110/35/10 kilovoltluq "Yasamal-1" və "Qobu", 35/10-6 kilovoltluq 120 saylı elektrik yarımstansiyaları, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin yeni binası, Bakı Şəhər Statistika İdarəsinin inzibati binası, Bona Dea Beynəlxalq Hospitalı, "Dinamo" oteli, Respublika Narkoloji Mərkəzi, Abşeron Logistika Mərkəzi, Bakı Kitab Mərkəzi, Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağı istifadəyə verilmişdir: "2018-ci ilin yanvar-oktyabr aylarında şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 10013,2 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,3 faiz az vəsait yönəldilmişdir. Ümumi sərmayənin 57 faizi dövlət, 43 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşmüşdür. Əsas kapitala yönəldilmiş vəsaitlərin 67,1 faizi tikinti-quraşdırma işlərinə sərf edilmişdir".
X.Əbdürəhmanov 2018-ci ilin yanvar-oktyabr aylarında ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə 3,2 faiz artaraq, 15966,3 milyon manat olmuşdur: "Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,3 faiz artaraq, 7237,5 milyon manata, qeyri-ərzaq məhsullarının
həcmi isə 3 faiz artaraq, 8728,8 milyon manata bərabər olmuşdur. İstehlak məhsullarının 24,2 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 62,4 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 13,4 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır. Hesabat dövründə elektron qaydada pərakəndə ticarət şəbəkəsində 30,4 milyon manatlıq və ya 2017-ci ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 17,4 faiz az istehlak məhsulları satılmışdır. Satışın bu növü vasitəsilə qeyri-ərzaq məhsulları realizə olunmuşdur. 2018-ci ilin yanvar-oktyabr aylarında ictimai iaşə dövriyyəsi əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə real ifadədə 6,7 faiz artaraq, 792,4 milyon manat olmuşdur. Dövriyyənin 47,5 faizi hüquqi şəxs statuslu müəssisələrin, 52,5 faizi isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşmüşdür. Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2017-ci ilin yanvar-oktyabr aylarına nisbətən 12,2 faiz artaraq, 376,2 milyon manat təşkil etmişdir".
X.Əbdürəhmanov qeyd etdi ki, ən yüksək orta aylıq əmək haqqı sənaye, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə, ən aşağı əmək haqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olmuşdur.
Qismət İsmayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB